Mayın 27-də ölkəmizin Türkiyədəki səfirliyimiz Ankaranın Yenimahalle rayonunda yerləşən Heydər Əliyev Parkında Azərbaycan Demokratik Respublikasının quruluşunun 95-ci ildönümü və Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə rəsmi qəbul və geniştərkibli möhtəşəm tədbir həyata keçirib.
Səfirlikdən Lent.az-a daxil olan məlumata əsasən,tədbirdə Azərbaycan Respublikası prezidenti administrasiyasının şöbə müdiri Əli Həsənov, ARDNŞ prezidenti Rövnəq Abdullayev, Türkiyə Böyük Millət Məclisinin sədr müavini Mehmet Sağlam, Türkiyə enerji və təbii sərvətlər naziri Taner Yıldız, daxili işlər naziri Muammer Güler, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri millət vəkili Necdet Ünüvar başda olmaqla Türkiyənin millət vəkillərii, Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini ordu generalı Hülusi Akar, Quru Qüvvələri Komandanı ordu generalı Hayri Kıvrıkoğlu, Dəniz Qüvvələri Komandanı admiral Murat Bilgel, Hava Qüvvələri Komandanı ordu generalı Mehmet Erten və Türkiyə silahlı qüvvələrinin yüksək rütbəli zabitləri,sabiq nazirlər və millət vəkilləri, ictimai xadimlər, elm və incəsənət xadimləri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, tələbə və müdavimlərimizlə yanaşı, KİV nümayəndələri də iştirak edib.
Geniştərkibli tədbir, iki qardaş ölkənin liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyev, eləcə də şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından himnlərin səsləndirilməsi ilə başlayıb. Səfir Faiq Bağırov, Əli Həsənov, Taner Yıldız, Muammer Güler və Mehmet Sağlam iki qardaş ölkə əlaqələri, Heydər Əliyev ölkəmizə etdiyi xidmətlərdən geniş və əsaslı şəkildə çıxış danışıblar.
Daha sonra “Eurovision” mahnı müsabiqəsində ikinci yerə çıxmış Fərid Məmmədov mahnılar oxuyub, Azərbaycan Dövlət Rəqs Ansamblı milli rəqsləri nümayiş etdirib. Ardından 28 May Respublika Günü münasibətilə hazırlanmış tort kəsilib və tədbir iştirakçılarına ziyafət verilib.
Qeyd edək ki, tədbir iştirakçılarına "Heydər Əliyev" və "İlham Əliyev" kitabları ilə yanaşı "İrs-Miras" və "Diplomatik Atlas" jurnalları təqdim olunub.
ARDNŞ tərəfindən köklü bir şəkildə təmir edilərək müasir hala gətirilən, Ankarada yerləşən nəhəng Heydər Əliyev parkı çox saylı qonaqlarda xoş təəssürat yaratmış, ölkəmiz haqqında müsbət fikirlərin möhkəmlənməsinə səbəb olub.