Ramiz Mehdiyev ABŞ-ın seçki ilə bağlı gizli mesajlarını açıqladı -  MÜSAHİBƏ
15 oktyabr 2013 00:50 (UTC +04:00)

Ramiz Mehdiyev ABŞ-ın seçki ilə bağlı gizli mesajlarını açıqladı - MÜSAHİBƏ

“Azərbaycan tərəfi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu ABŞ-ın məsləhəti ilə dəvət etmişdi. Sonradan məlum oldu ki, ABŞ Dövlət Departamentinin və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatları bir-birinin eynidir. Bu, etimaddan açıq-aşkar sui-istifadədir”.

 

Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Azərtac”, APA, “1news.az” və “Trend” agentliklərinə müsahibə verib. APA həmin müsahibəni təqdim edir.  

 

- “Azərtac” Dövlət Agentliyi: Oktyabrın 9-da Azərbaycan seçicisi ümumi səsvermə yolu ilə ölkənin gələcəyi barədə öz seçimini etdi. Siz prezident seçkilərində səsvermənin yekunlarını necə qiymətləndirirsiniz?

 

- Dünya siyasəti əsaslı şəkildə qeyri-müəyyənliyi ilə fərqlənir. Çox vaxt dünyadakı güc sahibləri gözlənilmədən elə hərəkətlər edir ki, bu, insanları sarsıdır. Ona görə də hissiyyata qapılmaq və onların “dostluğuna” şirniklənmək olmaz. Mənim bu qənaətim ona əsaslanır ki, ikili standartlar siyasəti dünyanı idarə edir və “sözə baxmayanları cəzalandırır”. İndi isə sizin sualınızın mahiyyəti barədə.

 

Hər şeydən əvvəl xüsusi qeyd etmək istəyirəm ki, prezident seçkiləri yüksək vətəndaşlıq və elektoral fəallıq şəraitində keçib. Kvorumun 72 faizdən çox olması buna birmənalı sübutdur. Praktiki olaraq hər yerdə seçicilərin yüksək iştirakı qeyd edilib.

 

İnsanlar yerlərdə səs verərkən başa düşürdülər ki, ölkənin gələcəyi, sosial-iqtisadi islahatların sonrakı gedişi, nəhayət bütün dünyada narahatlıq doğuran reallıqlar fonunda Azərbaycan iqtidarının titanik səyləri nəticəsində əldə edilmiş sabitliyin və inkişafın taleyi ilk növbədə onlardan asılıdır.

 

Tam məsuliyyətlə deyə bilərəm ki, 2013-cü ilin prezident seçkiləri demokratiya quruculuğu, Azərbaycanda həqiqətən azad cəmiyyət və hüquqi dövlət yaradılması yolunda irəliyə doğru böyük addım olub.

 

Səsvermənin gedişini müşahidə edən, seçkilərdə iştirak edən hər kəs ölkənin siyasi və demokratik təsisatlarının, Mərkəzi Seçki Komissiyasının, vətəndaş cəmiyyəti strukturlarının seçkilərin ən yüksək standartlara uyğun olması üçün onlardan asılı olan bütün tədbirləri həyata keçirdiklərini yəqin etmək imkanına malik idi. Bu gün fərəhlə qeyd edə bilərik ki, şəffaflıq, demokratiyanın fundamental prinsiplərinə riayət edilməsi seçicilərin öz iradələrini sərbəst ifadə etmələri üçün lazım olan hər cür şərait yaradılıb.

 

Barışmaz müxalifət seçkilərin yekunlarına əsasən ictimaiyyətə bircə dənə də saxtalaşdırılmış bülleten təqdim etməyib. Təkcə bu fakt onu göstərir ki, seçkilər şəffaf və ədalətli olub.

 

Səsvermənin yekunları elektoral kütlənin çox hissəsinin əhval-ruhiyyəsini, Azərbaycan xalqının nə istədiyini parlaq şəkildə göstərir. Seçicilərin fəallığı və səsvermənin nəticələri göstərdi ki, respublika vətəndaşlarının böyük əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təklif etdiyi davamlı inkişaf xəttini bütünlüklə dəstəkləyir. Son onillikdə ölkəmizin fundamental sosial-iqtisadi uğurları onun adı ilə ayrılmaz surətdə bağlıdır.

 

Sevindirici haldır ki, Azərbaycanda vətəndaş fəallığı, ictimai, siyasi fəallıq var və insanlar optimal seçim etməklə yenilikləri düşünülmüş şəkildə dəstəkləyirlər. Xüsusi qeyd etmək istəyirəm ki, İlham Əliyevə səs verənlərin əksəriyyəti  o həmvətənlərimizdir

ki, onlar milli dövlətçiliyin ardıcıl surətdə möhkəmlənməsini taleyüklü məsələ edirlər.

 

Bu o deməkdir ki, müasirlərimiz Azərbaycan rəhbərliyinin möhtəşəm yeniləşmə proqramını həyata keçirmək səylərini layiqincə qiymətləndirirlər. Bu proqram planauyğun şəkildə gerçəkliyə çevrilir, insanların həyat keyfiyyətini açıq-aydın yüksəldir.

 

Cənubi Qafqazın və postsovet məkanının iqtisadi lideri olan müasir Azərbaycan özünəməxsus sabitlik və firavanlıq adasına çevrilib, müsbət dəyişikliklər həm ölkənin daxili həyatında, həm də regionun sosial-iqtisadi landşaftında müvafiq qaydada əks olunub. Bütün bunlar sabitliyin qorunub saxlanmasında, məişət şəraitinin və həyat göstəricilərinin yaxşılaşmasında maraqlı olan həmvətənlərimizin əhval-ruhiyyəsinə təsir göstərməyə bilməz.

 

Son on ildə ölkə əhalisinin real gəlirləri əhəmiyyətli dərəcədə artıb, 1 milyondan çox iş yeri açılıb, milli iqtisadiyyatın həcmi 3,5 dəfə, ÜDM 10 dəfədən çox artıb, dövlətin qızıl-valyuta ehtiyatları çoxalıb, həyatımızın bütün sahələrində mühüm dəyişikliklər baş verib. Bütün bunlar Azərbaycanın lideri İlham Əliyevin təşəbbüsü ilə başlanmış islahatlar proqramının uğurla həyata keçirilməsi sayəsində mümkün olub.

 

Möhtəşəm sosial-iqtisadi dəyişikliklər Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə şərait yaradıb. Bu gün ölkəmizi nəinki tanıyırlar, onunla hesablaşırlar, çünki o, beynəlxalq sabitliyin möhkəmlənməsi, tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq koordinatlar sistemində mühüm rol oynayan Cənubi Qafqaz regionunun inteqrasiya potensialının inkişafı üçün az iş görməyib.

 

Bu reallıqlar fonunda təəccüblü deyil ki, İlham Əliyev təkcə həmvətənləri arasında deyil, Azərbaycanın hüdudlarından kənarda da böyük nüfuz və etimad qazanıb. O, prezident vəzifəsində olduğu on il ərzində dəfələrlə siyasi bəsirət və uzaqgörənlik nümayiş etdirib, fəaliyyət qabiliyyətini, kreativliyini, qeyri-standart düşünmək və mürəkkəb məsələləri dəqiq həll etmək bacarığını təsdiqləyib. Buna görə də cəsarətlə demək olar ki, ölkə vətəndaşları İlham Əliyevə səs verməklə tərəqqiyə, layiqli həyata, sosial rifaha və aydın gələcəyə səs veriblər.

 

Şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının namizədinin bu uğuru qabaqcadan məlum idi. Çünki Azərbaycan cəmiyyəti gələcək qarşısında öz məsuliyyətini gözəl başa düşür. İlham Əliyevin təşəbbüsü ilə başlanmış möhtəşəm yenilənmə proqramları, obrazlı şəkildə desək, təzəcə sürət götürür. Unikal layihələrin çoxu hələ debüt mərhələsindədir və yeni Azərbaycanın memarı rolunda çıxış edən insanın başladığı böyük işləri məntiqi sonluğa çatdırması üçün vaxt lazımdır.

 

Burada İlham Əliyevin təklif etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını xatırlatmaq yerinə düşər. Bu konsepsiya mahiyyət etibarilə həm nadir, həm də universaldır, çünki milli orqanizmin ahəngdar inkişafını tənzimləməklə həyat fəaliyyətinin bütün sahələrini əhatə edir. Ölkə vətəndaşları bu cür qeyri-standart təşəbbüsləri tamamilə bəyənir və buna görə də Azərbaycan liderinin həyata keçirdiyi bütün dəyişikliklərin novator mahiyyətini dəstəkləyirlər. Təəccüblü deyil ki, seçkilərdən hələ xeyli əvvəl yerlərdə adamlar İlham Əliyevin hakimiyyətdə sözü ilə əməli bir olan insan kimi namizədliyini dəstəkləyəcəklərini fəal dəstəklədiklərini nümayiş etdiriblər.

 

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş dövlət quruculuğu və vətəndaş cəmiyyəti quruculuğu kursunu özünün bütün təşəbbüslərində dəstəkləyən hakim partiya da onun qələbəsi üçün az iş görməyib.

 

Seçkilər ərəfəsində paytaxtda və bölgələrdə İlham Əliyevin tərəfdarları mükəmməl təşviqat işi qurub, cəsarətlə xalqın arasına gedərək öz namizədinin planları və konseptual baxışları barədə həmvətənlərimizlə geniş dialoq aparıblar.

 

Seçicilərlə çoxsaylı görüşlər keçirilib, bu görüşlər zamanı insanlar başlanmış islahatların, Qarabağ böhranı ilə bağlı danışıqlar prosesinin taleyi, siyasi inkişafın perspektivli prioritetləri ilə maraqlanıblar. Seçicilər sosial müavinətlərin, pensiyaların və əhalinin ayrı-ayrı kateqoriyalarının əmək haqlarının artırılması məsələlərinə xüsusi maraq göstəriblər. Bir qayda olaraq, həmvətənlərimiz bütün bu suallara qənaətbəxş cavablar alırdılar, çünki Azərbaycanın inkişafı hər hansı risklər və eksperimentlər olmadan, dəqiq planlar əsasında həyata keçirilir.

 

Bu cür yanaşma İlham Əliyevin iş stilinə uyğundur. Prezident vəzifəsində on il ərzində o, möhtəşəm planları gerçəkləşdirə biləcək bacarıqlı və istedadlı dövlət xadimi olduğunu sübut edib.

 

Onun hakimiyyətdə olduğu illər ərzində Azərbaycan sosialyönümlü siyasətin həyata keçirilməsində sanballı uğurlar qazanıb, insan resursuna sərmayə yatırılması işində böyük sıçrayış edib, gələcəyin möhkəm təməlini qoymaq üçün qeyri-neft sektorunu nəzərəçarpacaq dərəcədə inkişaf etdirib.

 

Eyni qayda ilə rəsmi Bakı nümayiş etdirib ki, o, beynəlxalq arenada həqiqətən müstəqil siyasət yeridir, milli prioritetləri hər şeydən üstün tutur, bu prioritetlər spektrində ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ən birinci yerdədir.

 

Sonuncu prezident seçkilərinin yekunları göstərdi ki, milli elektorat İlham Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, sosialyönümlü iqtisadiyyatın inkişafına, əhalinin maddi rifahının yaxşılaşmasına istiqamətlənmiş siyasətini yüksək qiymətləndirib. Buna görə də səsvermənin yekunlarını, seçicilərin 84,55 faizinin indiki prezidentə üstünlük verməsini yüksək dərəcədə qanunauyğun və ədalətli hesab etmək olar.

 

Trend: - Bütövlükdə beynəlxalq təşkilatlar ölkə rəhbərliyinin şəffaf və demokratik seçkilər keçirilməsində maraqlı olduğunu vurğulayıb. Lakin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, habelə ABŞ Dövlət Departamentinin seçkilərə verdiyi qiymətlər fərqlidir. Siz seçkilərə bu cür qeyri-birmənalı qiymət verilməsini necə qəbul edirsiniz?

 

- Hər şeydən əvvəl onu vurğulamaq istərdim ki, beynəlxalq müşahidəçilərin müsbət rəyləri və qiymətləri mənfi rəy və qiymətlərdən sayca qat-qat çoxdur. Xatırladım ki, nüfuzlu beynəlxalq təşkilatlardan olan müşahidəçi və ekspertlərin ümumi sayı 1295 nəfər olub və onlar dünyanın 100 ölkəsindən gəliblər. Praktiki olaraq onların hamısı seçkilərin şəffaflıq səviyyəsini, seçicilərin öz iradələrini sərbəst ifadə etməsi prinsiplərinə riayət olunmasını yüksək qiymətləndiriblər.

 

Seçkiləri təkcə MDB dövlətlərindən 400-dən çox müşahidəçi və ekspert izləyirdi. Beynəlxalq Mərkəzçi Demokratlar Təşkilatının Asiya-Sakit okean Konfransını 50-dən çox, Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransını təxminən 20 müşahidəçi, Latın Amerikası və Karib hövzəsi Dövlətlərinin Siyasi Partiyalarının Daimi Komissiyasını 10 nümayəndə, Türkdilli Dövlətlərin Parlament Assambleyasını 10 müşahidəçi, İslam Əməkdaşlıq Təşkilatını 5 müşahidəçi təmsil edirdi. Seçkiləri müşahidə edənlər arasında Qara dəniz Hövzəsi Ölkələrinin İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının, Rusiya İctimai Palatasının, onlarca dövlətin mərkəzi seçki komissiyalarının, habelə Asiya və Okeaniya, Afrika dövlətlərinin, Bakıda akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri vardır. Onların rəyləri müsbətdir.

 

Avropa Parlamentinin, Avropa Şurasının nümayəndələri, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Parlament Assambleyası missiyalarının əlaqələndiricisi Mişel Vauzen, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton, Avropa İttifaqının genişlənməsi məsələləri və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fyule, digər səlahiyyətli nümayəndələr Azərbaycanı ədalətli və şəffaf seçkilər keçirilməsi münasibətilə təbrik edib, ölkəmizin demokratik dəyərlərə sadiqliyini xüsusi vurğulayıblar.

 

Seçkilərdə iştirak etmək arzusunu bildirmiş hər kəsə bu cür imkan verilib. Heç kəsin – istər yerli müşahidəçilərin, istər siyasi təşkilatların nümayəndələrinin, jurnalistlərin, beynəlxalq ekspertlərin, istərsə də Avropa Parlamenti üzvlərinin səsvermə prosesini müşahidə etmək hüququ rədd edilməyib.

 

“Exit-poll” keçirmək istəyənlərin heç birinə rədd cavabı verilməyib. Yerli və xarici strukturlar alternativ hesablamalar aparıblar və qeyd etməliyəm ki, onların nəticələri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatları ilə üst-üstə düşüb.

 

Təəssüflə qeyd etməliyəm ki, qərəzlilik halları da olub. Tam şəffaflıq və açıqlıq şəraitinə baxmayaraq, bəzi avropalı məmurlar və ABŞ xarici siyasət idarəsi, necə deyərlər, dissonans yaradıblar.

 

Biz prezident seçkilərinə ABŞ Dövlət Departamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən verilən qiyməti əsla qəbul etmirik və bunu həmin iki rəsmi struktur tərəfindən son dərəcə biabırçı, qərəzli və nalayiq fakt hesab edirik.

 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda seçkilərə heç vaxt bu cür mənfi qiymət verməyib. Bu təşkilatın ilkin hesabatına daxil edilmiş faktlar mahiyyət etibarilə Milli Şuranın nümayəndələri tərəfindən fəal yayılan gümanların, yalanların nəticəsidir. Milli Şura öz nümayəndəsinin seçilməsi üçün heç bir şans olmadığını bildiyindən, lap əvvəldən seçkiləri bu yolla sabotaj etməyə başlayıb. Bir misal göstərim. Seçkilər günü ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyasının nümayəndələri Bakı şəhərinin Suraxanı rayonundakı 84 seçki məntəqəsində 156 dəfə olublar. Onlar bülletenlərin və yekun protokolların hesablanması və doldurulması prosesinə bütünlüklə nəzarət ediblər. Bu rayondakı üç seçki dairəsində seçki prosesi barədə onların heç bir iradı olmayıb. Buna baxmayaraq, Milli Şuranın namizədi bəyan edir ki, burada kütləvi saxtalaşdırmalar və pozuntular olub.

 

Etiraf edirəm ki, baş tutmuş seçkilərin qiymətləndirilməsində və bu iki tərəfin seçkilərin keçirilməsini və onların yekunlarını necə tövsif etmələrində qəribə, lakin izah edilə bilən sinxronlaşma görürəm. Elə təsəvvür yaranır ki, bu mərkəzlərin hər ikisi bir məqsədlə - Azərbaycan tərəfə təzyiq göstərmək üçün öz fəaliyyətlərini sıx əlaqələndirirlər, hərçənd belə bir təzyiq üçün nə əsas var, nə səbəb, nə də sövqedici motivlər.

 

Azərbaycanın hakimiyyət orqanları lap əvvəldən bildirmişdilər, elə indi də təsdiq edirlər ki, ədalətli və şəffaf seçkilər keçirilməsi hər şeydən öncə bizim öz maraqlarımıza uyğundur. Biz hüquq və azadlıqların təmin edilməsi yolu ilə demokratikləşmədə maraqlı olduğumuz şəraitdə siyasi təsisatların fəaliyyətinə və inkişafına mane olmuruq, vətəndaş cəmiyyətinin inkişafı üzrə aşkar iş aparırıq, yerdəyişmə, öz iradəsini ifadə etmə azadlığını təmin edirik, səylərimizi Avropa strukturlarının müvafiq təsisatları ilə, Venesiya Komissiyası və digər mərkəzlərlə uzlaşdırdığımız şəraitdə öz prioritetlərimizə qarşı çıxmağın nə mənası var?!

 

Açıq deyirəm, mən adını çəkdiyiniz tərəflərin verdiyi qiymətlə nəinki razılaşmıram, hətta onların tutduğu mövqeyə görə hiddətlənirəm, çünki onların baxışları həqiqi vəziyyəti əks etdirmir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və ABŞ xarici siyasət idarəsinin məqsədini heç cür başa düşmək olmur – onlar nə üçün aydın və dəqiq mənzərəni qəsdən təhrif edir, bununla da ikitərəfli münasibətlərə ziyan vururlar?!

 

Son illərdə ölkəmiz daim açıqlıq nümayiş etdirmiş, demokratik islahatlar keçirilməsi sahəsində dialoqdan, əməkdaşlıqdan heç vaxt çəkinməyib. Bu istiqamətdə Azərbaycan heyrətamiz dərəcədə böyük irəliləyişə nail olub.

 

Yeri gəlmişkən, demokratik yenidənqurmanın mühüm tərkib hissəsi olan seçki texnologiyalarının tətbiqində müsbət dəyişiklik faktları bu dialoqun bizim üçün nə qədər vacib olmasına və nə qədər yerinə düşməsinə dəlalət edir.

 

Çox qəribədir ki, bizim praktikanın tənqid edilməsi bəzi mərkəzlər üçün əsas məqsədə çevrilib. Belə olmasaydı, ciddi standartlara tam cavab verən, dünyanın aparıcı ölkələrindən olan qərəzsiz mütəxəssislər arasında irad doğurmayan beynəlxalq praktikaya uyğun geniş həcmli işi şübhə altına almağın mənası olmazdı.

 

Azərbaycanda prezident seçkilərini bu ilin fevralında Ermənistanda keçirilmiş seçkilərlə müqayisə etsək, təzadlar aşkar görünür. Azərbaycan gerçəkliklərindən fərqli olaraq Ermənistanda seçkiqabağı vəziyyət qeyri-müəyyən, hətta təhlükəli idi. Hakimiyyət orqanları namizədləri hədələyir, onları kobud və sərt  şəkildə təqib edirdilər. Vəziyyət hətta sui-qəsd dərəcəsinə çatmış, prezidentliyə namizəd Paruyr Ayrikyana atəş açmışdılar.

 

Bunun ardınca iqtidarın rəqiblərinin mitinqləri və etiraz aksiyaları kobud şəkildə və amansızcasına dağıdılmışdı. Narazı olanlara qarşı dəhşətli sanksiyalar, təqiblər, qanunda nəzərdə tutulmayan fiziki cəzalar tətbiq edilirdi. Burada keçmişə qısa bir ekskurs etmək, 2008-ci ildə Ermənistanda seçkilərin biabırçı praktikasını xatırlamaq yerinə düşər. Rəsmi məlumatlara görə, həmin seçkilər zamanı Yerevanda 10 nəfər nümayişçi həlak olmuşdu. Müstəqil erməni hüquq müdafiəçilərinin məlumatlarına görə isə etirazçıların nümayişi dağıdılarkən zamanı 30 nəfər həlak olmuşdu.

Yaxın keçmişə aid digər, bəzi beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələr tərəfindən Azərbaycan və Ermənistanda vəziyyətə münasibətlərdə ikili standartlar tətbiq edilməsi praktikası ilə korrelyasiya təşkil edən faktlar və təfsilatlar da diqqəti cəlb edir.

 

Amerika isteblişmenti, bir qayda olaraq Qarabağ probleminin həlli, qeyri-hökumət kanalları vasitəsilə Ermənistana və Dağlıq Qarabağa yardım göstərilməsi, insan hüquqlarının təmin edilməsi ilə bağlı problemlərin açılması kontekstində daim ermənipərəst mövqe tutur, Azərbaycanın milli maraqlarına zərər vuran Demokratiyaya Dəstək Aktına 907-ci düzəlişin ləğv edilməsi işində pozucu fəaliyyət xətti həyata keçirir.

 

Şübhə yoxdur ki, bu cür birtərəfli və səmərəsiz fəaliyyət xəttinə səbəb ABŞ-ın ermənipərəst lobbisinin hədsiz fəallığıdır. Bu lobbi yaxın vaxtlarda rəsmi Vaşinqton tərəfindən mühüm siyasi qərarlar qəbul edilməsinə real təsir göstərməyə başlayıb. Təəccüblüdür ki, dünyada “siyasi moda qanunvericisi” tituluna iddia edən ABŞ erməni lobbisinin əlində oyuncaq olub. 2011-ci ildə Amerikanın ölkəmizdəki səfiri Metyu Brayzanın diplomatik missiyasının iflasa uğradılması bu vəziyyətə əyani misal ola bilər.

 

Bu təcrübəli diplomat Cənubi Qafqazın reallıqları və Qarabağ problemi baxımından vəziyyəti çox yaxşı bilirdi, Xəzər-Qara dəniz hövzəsinin enerji strategiyası üzrə ekspert idi, Avrasiya geosiyasətinin peripetiyalarına dərindən bələd idi. Bu səbəblərə görə o, münaqişəli və mübahisəli regional məsələlərin həllinə çox xeyir verə bilərdi.

 

Lakin Amerika Senatında Ermənistanın maraqlarının lobbiçiləri bu diplomatın karyerasını yarımçıq qoydular, özü də yalnız ona görə ki, Amerika Milli Erməni Konqresinin (AMEK) başbilənləri Metyu Brayzanı Azərbaycanpərəst və türkpərəst ruhlu siyasətçi hesab etdilər, onun ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təsdiq edilməsinə imkan vermədilər. Nəticədə Amerikanın özünün maraqlarına zərər dəydi. Halbuki, əgər Metyu Brayza öz ölkəsinin bu regionda səlahiyyətli nümayəndəsi olsaydı, ən azı münaqişəli problemlərin həlli müstəvisində ciddi dəyişikliklər baş verə bilərdi.

 

 

ABŞ-ın siyasi dairələri antiamerika xarakterli və bəzi başqa hərəkətləri “görməməyi” bir qaydaya çeviriblər. Hətta İrəvanın hakimiyyət orqanları öz vətəndaşlarının hüquqlarını açıq-aşkar tapdaladığı, beynəlxalq hüquqa hörmətsizlik etdiyi, qonşu dövlətlərə həyasızcasına ərazi iddiaları irəli sürərək onları təhdid etdiyi hallarda da bu liberallıq müşahidə olunur.

Oktyabrın 2-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan o qədər coşmuşdu ki, de-fakto öz ölkəsi tərəfindən Azərbaycana qarşı təcavüz faktını etiraf etdi. Lakin əsas məqam başqadır. Sarkisyan belə bir anons verib ki, onun ölkəsi ilhaq etdiyi məkanı genişləndirərək 20 faizdən 30 faizə, hətta bundan da artıq dərəcəyə çatdırmaq niyyətindədir.

 

Ən qəribəsi odur ki, bu dərəcədə mənfur planlar, sülhə və təhlükəsizliyə təhdidlər görməzliyə vurulur, demokratiyadan, azadlıqdan dəm vuran Qərb dairələri təcavüzkarı dinməzcə dəstəkləyir, bu həyasızlaşmış ölkənin “dəcəlliklərini” görmürlər. Normal insanın şüuru bunu qəbul etmir.

 

Təəccüblüdür ki, elə həmin ABŞ Dövlət Departamenti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu faktla əlaqədar bircə dəfə də tənqidi mövqedən çıxış etməyib, sanki Ermənistan rəhbərliyinin siyasi etikasında hər şey hamılıqla qəbul edilmiş standartlara uyğundur.

 

Ermənistanın təşviş doğuran reallıqları fonunda Azərbaycanda vəziyyət ölkədə qüvvədə olan qanunvericiliyin bütün tələblərinə uyğundur və beynəlxalq praktika çərçivəsindən kənara çıxmır. Bununla belə, bəzi vasvası analitiklər Azərbaycanda seçkilər barədə mənfi verdikt çıxarmaqdan həzz alırlar.

 

 

Məsələyə bu cür yanaşma, onların verdiyi qiymətlər mütləq həqiqət ola bilməz. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qiymətləri barədə onu deməliyəm ki, bizdə olan məlumatlara görə, seçkilərə dair heç bir müsbət fraqment olmayan hesabatın layihəsi həmin qurumun Varşava ofisində qabaqcadan hazırlanıb. Burada qeyd etmək yerinə düşər ki, bu cür məkrli hərəkətlərin məqsədi vəziyyəti daha da gərginləşdirmək və Azərbaycan cəmiyyətində mənfi proseslərə təhrik etməkdir.

 

Bu deyilənlərə əsasən belə nəticə çıxarmaq olar ki, bəzi müşahidəçilər seçkilər barədə mənfi rəy verməyə əvvəlcədən hazırlanıblar. Bizə qarşı açıq düşmənçiliyin həqiqi məqsədinin nədən ibarət olmasını isə yalnız güman etmək olar.

Bu qüvvələrin özlərinə inamı zəiflətməsinə şübhə yoxdur. Əgər onlar həqiqətən Azərbaycanla əməkdaşlıq etmək fikrindədirlərsə, ilk növbədə real mənzərəni şübhəli preferensiyalar və mənasız reytinq yaradıcılığı naminə təhrik etmək əvəzinə həqiqətin gözünə baxmalıdırlar.

 

Qeyd etmək lazımdır ki, seçkilərin legitimliyi problemi ənənəyə görə beynəlxalq praktikada geosiyasi təzyiq mexanizmi olub. Görünür, bəzi mərkəzlər buna o qədər aludə olublar ki, özləri cəmiyyətin demokratikləşməsinə, öz xalqlarının həyatında müsbət standartlar tətbiq edilməsinə ürəkdən maraq göstərən ölkələrdə baş verən dəyişiklikləri görmürlər.

 

Bu kontekstdə bir məqamı xatırlamaya bilmərəm ki, müstəqil siyasət yeridən, milli maraqlara sədaqət prinsipinə riayət edən dövlətlərə münasibətdə həmin təzyiq mexanizmi indiyə qədər tətbiq edilir. Əgər həmin ölkələrin ümidverici resurs bazası da varsa, onlar hökmən “demokratiya” ilə cəza verən təsisatların qəzəbinə gəlirlər.

 

Bu mövqeyi yalnız səhv və səmərəsiz, bəlkə də təhlükəli mövqe adlandırmaq olar.

 

 

APA: Onda belə təsəvvür yaranır ki, beynəlxalq nümayəndələrin, bəzi dövlətlərin siyasətçilərinin daim bəhs etdikləri standartlar əslində funksionerlərin özlərini istədiyi kimi manipulyasiya etdiyi qeyri-sabit dəyərlər toplusudur?

 

- Bizim opponentlərin tez-tez istinad etdiyi “beynəlxalq standartlardan” çox vaxt obyektiv reallıqların təkzib edilməsi metodu və ya təzyiq vasitəsi kimi istifadə olunur, hərçənd, bu standartların mahiyyətinin nədən ibarət olmasını heç kəs inandırıcı izah edə bilmir. Beynəlxalq təşkilatların nümayəndələri konkret suala cavab tapa bilməyəndə hər dəfə ayrı-ayrı Qərb ölkələrinin təcrübəsinə müraciət edirlər. Halbuki Qərb ölkələrində seçkilərin nə dərəcədə demokratik keçirildiyini biz lap dəqiq bilirik.

 

Həmin dövlətlərdə nəinki seçkilərə beynəlxalq müşahidəçilər dəvət edilmir, üstəlik hər hansı təşkilat buna cəhd göstərərsə, onu seçki məntəqələrinin həndəvərinə də buraxmırlar.

 

Seçkilərin nəticələrinin saxtalaşdırılması məsələsinə gəldikdə isə bu qalmaqallar bütün dünyaya məlumdur. Həmin dövlətlər özlərində obyektiv demokratik seçkiləri təmin etmək əvəzinə başqa ölkələrdə seçki proseslərinə qiymət vermək hüququnu öz üzərlərinə götürürlər. Özü də bu, bir qayda olaraq qərəzli şəkildə, siyasi sifarişlə edilir. ABŞ, İngiltərə, Almaniya, Fransa və digər Qərb dövlətlərində seçki prosesinin aşkar pozulmasına və saxtalaşdırılmasına aid nümunələr yetərincədir.

ABŞ-da prezident seçkilərində saxtalaşdırmaların səviyyəsi və bu ölkədə seçki prosesinin hər dəfə necə qalmaqallarla müşayiət olunması bütün dünyada məlumdur. Bununla belə, onlar seçkiləri necə keçirmək lazım olduğunu bizə öyrətməyə çalışırlar.

 

Yeri gəlmişkən, ABŞ-dan olan rəsmi şəxslər Milli Şuranın nümayəndəsinə seçicilərin 25 faizinin səsini verməyi, qalan 74-75 faizini isə özümüzə saxlamağı məsləhət görmüşdülər. Yəni, səslərin nisbəti belə olarsa ABŞ Dövlət Departamentinin rəyi balanslaşdırılmış olacaqdı. Məntiqə görə, əgər biz bu məsləhətə əməl etməsək, bütün digər hallarda onların rəyi mənfi olacaqdı. Nəticə məlumdur. Göründüyü kimi, bu sadəcə dost məsləhəti deyil, ciddi xəbərdarlıq imiş.

 

Belə çıxır ki, biz şəffaf, ədalətli seçkilər deyil, saxta seçkilər keçirməli idik. Özü də bu halda bizim tərəfdaşlarımızın arzusu ilə prezidentliyə müəyyən namizədlərə uydurma faizlər yazmalı idik. Məgər bu, Azərbaycan seçicilərinin ləyaqətinin, onların milli hisslərinin təhqir edilməsi deyilmi? Axı onlar hansı siyasi platformaya səs vermək lazım olduğunu heç kəsin müdaxiləsi olmadan özləri müəyyən edir.

 

Bizi bunda günahlandırırlar ki, təşviqat kampaniyası üçün cəmi 22 gün ayrılıb. Amma Fransada təşviqat dövrünün cəmi 15 gün olmasını ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu normal hesab edir. Bu, əlbəttə, absurddur. Məsələn, Danimarkada həmin təşviqat dövrü 11 gün, Polşada 15 gün, Serbiyada 20 gün, Latviyada 20 gündür və s.

 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçilər missiyasının rəhbəri statusunda Azərbaycana gəlmiş xanım Tana de Zuluetanın Azərbaycan haqqında elementar təsəvvürü yox idi. Ölkəmizə gəlməsi ərəfəsində o, bizim İtaliyadakı səfirimizlə görüşmüşdü. Onu Azərbaycanın coğrafiyası, tarixi, onun xalqı və qonşu ölkələrlə münasibətlərimizin necə olması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, ölkəmizin iqtisadi vəziyyəti və bir sıra başqa məsələlər maraqlandırdı. Təkcə bu fakt onu göstərir ki, xanım Zuluetanı real vəziyyətlə əsla tanış olmadığı bir ölkəyə ezam ediblər. Belə bir fikir yaranır ki, o, məxsusi olaraq seçkilərin hörmətdən salınması üzrə konkret vəzifəni yerinə yetirmək üçün seçilmişdi. Bu fikir onunla təsdiqlənir ki, oktyabrın 10-da səslənmiş bəyanatın mətni bizə 9 oktyabr seçkilərindən bir neçə gün əvvəl məlum idi.

 

Bizə məlumdur ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bəyanatı elan ediləndən sonra Avropa İttifaqı ölkələrinin Bakıdakı səfirləri Avropa strukturlarından olan müşahidəçilər missiyasının bəzi üzvləri ilə görüşüblər. Onlar birgə müşavirədə faktların həyasızcasına təhrif edilməsindən, habelə sənədin birtərəfli hazırlanmasından narazı olduqlarını və hiddətləndiklərini bildiriblər. Azərbaycanda akkreditə edilmiş bəzi diplomatik missiyaların rəhbərləri isə bu rəyə çox sərt münasibət bildirib, onu Aİ-nin Vilnüs zirvə görüşü ərəfəsində Avropa İttifaqının Azərbaycanla münasibətlərini pisləşdirməyə yönəlmiş açıq təxribat adlandırıblar.

 

Məlumdur ki, prinsipcə ideal seçkilər olmur. Müəyyən narazılıqlar, pozuntular və nöqsanlar həmişə və hər yerdə olur. Əgər belə hallar ayrı-ayrı fraqmentlərdirsə, üstəlik ümumi vəziyyətdən istisnadırsa, onda ümumi kontekstdən çıxarılmış detalları qabartmaq və onları son nəticə kimi qələmə verərək ümumiləşdirmək nə dərəcədə əsaslıdır? Məsələyə bu cür yanaşma apriori ədalətli ola bilməz. Bu yanaşma qeyri-sağlam məqsədləri reallaşdırmağa yönəlib.

 

Başqa bir misal. Qərb mətbuat azadlığı məsələlərini daim aktuallaşdırır, media strukturları ilə necə işləmək lazım olduğunu bizə öyrədir. Bizdə belə bir problem yoxdur. Azərbaycanda mətbuat azaddır və informasiyanın yayılması, mövcud xəbər resurslarının ictimailəşdirilməsi, kimə aid olmasından asılı olmayaraq sensasiyalı materialların yayılması azadlığı baxımından heç bir çətinlik yoxdur. Bununla belə, biz Qərb dairələrinin təzyiqini vaxtaşırı hiss etməyə məcburuq, hərçənd bu müstəvidə də tərəfdaşlarımızın özlərində media strukturlarının azadlığının vəziyyətinə nəzər salmağa dəyərdi.

 

Sizə təzə bir nümunədən danışım: keçən həftə, oktyabrın 10-da Amerika Jurnalistləri Müdafiə Komitəsi Prezident Barak Obama administrasiyasını mediaya təzyiq göstərməkdə rəsmən ittiham etdi. Həmin komitə “Obama administrasiyası və mətbuat” adlı xüsusi məruzə dərc etdi. Bu məruzədə ABŞ rəsmi dairələri tərəfindən jurnalistlərin hökumətin fəaliyyəti barədə məlumatlardan istifadə etməsinə necə əngəl törədilməsi açıq-aşkar yazılıb.

 

Yeri gəlmişkən, bu sənəd müəlliflərin istinad etdiyi faktlar baxımından çox maraqlıdır. Sənəddə mətbuat nümayəndələrinin legitim hərəkətlərinin volyuntaristcəsinə cinayətlərə bərabər tutulması, informasiya toplamağa çalışan jurnalistlərin imkanlarının necə məhdudlaşdırılması, onların hansı təqiblərə məruz qalması və s. məsələlərdən bəhs edilir. Məruzədən faktiki olaraq belə çıxır ki, ölkənin rəsmi dairələri mətbuatı hökumət qulluqçularından, işgüzar dairələrdən təcrid etmək üçün nə mümkündürsə edirlər. Belə çıxır ki, ABŞ-da mətbuat o qədər də azad deyilmiş. Avropanın aparıcı ölkələrində də analoji vəziyyət yaranıb, həmin ölkələrdə mass-media nümayəndələri izlənilir, təqiblərə məruz qalır, təhdidlər və divan tutulması halları ilə üzləşirlər.

 

Başqa bir misal. ABŞ lap yaxın günlərdə federal hökumətin işinin dayandırılmasına istinad edərək BMT-dən xahiş edib ki, bu ölkədə insan hüquqları ilə bağlı vəziyyətin, o cümlədən Milli Təhlükəsizlik Agentliyi (MTA) tərəfindən sui-istifadə hallarına dair ittihamların ilk ciddi müzakirəsi təxirə salınsın. BMT MTA tərəfindən izləmə, seçmə qətllər, immiqrasiya islahatı, vətəndaşların seçki hüquqları, kütləvi həbslər kimi mühüm məsələlərin və digər, bunlardan heç də az kəskin olmayan problemlərin müzakirəsini təxirə salmağa məcbur edilib. Amerika Vətəndaş Azadlıqları İttifaqının rəhbərlərindən biri C.Dakvar “Reuters” xəbərlər agentliyinə müsahibəsində bu faktı təsdiqləyib.

 

BMT-nin “Amnesty İnternational” təşkilatının Cenevrədəki nümayəndəliyinin rəhbəri Piter Splinter də bu fikirdədir. P.Splinter Amerika KİV-lərinə müsahibəsində bildirmişdir ki, insanların uzun müddət bir nəfərlik kameralarda saxlanması, ölüm cəzası və ya “terrorizmə qarşı müharibə” ilə bağlı bir sıra məsələlər kimi ciddi problemlər ABŞ-da yetərincə çoxdur.

Sual olunur, ABŞ-da insan hüquqları ilə bağlı bu və digər ciddi problemlər olduğu halda, yaxşı olmazdımı ki, Amerika hökuməti əvvəlcə öz evində qayda yaratsın, sonra isə başqa dövlətlərin necə yaşamalı olduqlarını onlara öyrətsin. 

 

1News.az: İkili standart təzahürlərinə rəsmi Bakının reaksiyası necədir? Üstəlik, bəzən belə hallara təkcə beynəlxalq təşkilatlar deyil, ayrı-ayrı dövlətlərin rəsmi orqanları da yol verir...

 

- Beynəlxalq təşkilatların, digər ölkələrin nümayəndələrinin, bizim tərəfdaşlarımızın verdiyi qiymətlər, tövsiyələr və hərəkətlər, əlbəttə əgər onlar obyektiv və konstruktivdirsə, bizim üçün həmişə əhəmiyyətlidir.

 

Tənqid də, əgər o yerindədirsə və gerçək mənzərəni təhrif etmirsə, bizim üçün az əhəmiyyət kəsb etmir. Biz dünya birliyinin təcrübəsində toplanmış ən yaxşı, mükəmməl məqamları mənimsəməyə hazır və bu əzmdə olduğumuzu heç vaxt gizlətməmişik.

Demokratik quruluş məhz elə bir sferadır ki, bizim oraya böyük marağımız var. Avropa dövlətlərinin, ABŞ-ın təcrübəsi bizim üçün maraqlı olmaqla bərabər, həm də ibrətamizdir. Lakin qazanılmış praktikanı tətbiq etməyin ən optimal metodologiyası milli xüsusiyyətlərin, ölkənin inkişaf spesifikasının və bir sıra başqa mühüm tərkib hissələrin nəzərə alınmasının ardıcıl sistemidir. Yəni, müvafiq hazırlıq, nəhayət, zəruri zəmin olmadığı halda başqasının təcrübəsini kor-koranə tətbiq etməyə cəhd göstərmək olmaz.

 

Son illərdə ölkəmizdə demokratik mənəviyyat nəzərəçarpacaq dərəcədə möhkəmlənib və bu, bizim gerçəkliyin çox mühüm aspektidir. Fikir verin – Azərbaycan dövlətinin başçısı ictimai, sosial-iqtisadi sahələrdə şəffaflıq şəraiti yaradılmasını nə qədər vacib hesab edir! Bu şəffaflıq insanlarla rəsmi orqanlar arasında münasibətlərin formatını dəyişmək, münasibətlərdə etimadı təmin etmək üçün çox vacibdir.

 

Beynəlxalq əlaqələr praktikasında etimad insanlar arasında münasibətlərdə olduğu kimi vacib substansiyadır. Buna görə də müəyyən tərəflər etimaddan sui-istifadə etməyə, uzun illər boyu formalaşmış münasibətləri lüzumsuz sınaqlara məruz qoymağa başlayanda tərəfdaşlığı mürəkkəbləşdirən problemlər yaranır.

 

Məsələn, Azərbaycanla ABŞ-ın münasibətləri təkcə dostluq münasibətləri deyil, həm də zamanın sınağından çıxmış strateji münasibətlərdir. Biz strateji tərəfdaşlarıq və buna müvafiq olaraq Amerika tərəfinin prezident seçkiləri barədə rəyi rəsmi Bakı üçün çox vacibdir. Təəssüflə qeyd etmək lazım gəlir ki, bizə aydın olmayan səbəblər üzündən ABŞ Dövlət Departamenti gerçəkliyə əsla uyğun olmayan rəy səsləndirib.

Mən ABŞ-ın rəsmi orqanının bu cür hərəkətlərini bizim tərəfdaşlığımızda qeyri-səmimilik, amiranə tərzdə bizim nə üçün onun göstərdiyi ssenari üzrə yaşamadığımızı irad tutmaq cəhdi hesab edirəm.

 

Belə güman etməyə əsas yoxdur ki, ABŞ xarici siyasət idarəsinin Azərbaycanda keçirilən seçkilərə bu cür qərəzli qiymət verməsinin səbəbləri olduğunu düşünməyə əsas yoxdur. Azərbaycan tərəfi anlaşılmazlıqlar yaranmasını və ya seçicilərin narazılığını istisna etmək üçün bütün məqamları, ən xırda detalları, hətta mümkün fors-majorları da nəzərə alıb. Seçki kampaniyalarının gedişində həmişə qeyri-adi vəziyyətlər yaranır, narazı adamlar üzə çıxır, kazus halları olur. Buna baxmayaraq, son seçkilərdə ümumi mənzərəni korlaya və ya bütün prosesi pisləmək üçün əsas verə biləcək heç bir hadisə olmayıb.

 

Çox xoşdur ki, xarici müşahidəçilərin böyük əksəriyyəti bu prosesi lazımi səviyyədə aparmağa imkan vermiş səyləri, təşkilati işin hazırlanmasını və onun bütün kompozisiyasını yüksək qiymətləndiriblər.

 

Bir mühüm detala diqqətinizi cəlb etmək istərdim: seçkilər günü düz saat 15.00-da Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov gözlənilmədən brifinq keçirdi. Brifinq zamanı o, ayrı-ayrı seçki məntəqələrində baş vermiş bir neçə hüquqazidd faktı elan etdi. Şəmkir rayonundakı seçki məntəqələrinin birində müxalifət qəzetlərindən birinin nümayəndəsi məntəqəyə soxulub, seçki prosesini pozmağa cəhd göstərib. Orada məsələ yerindəcə araşdırılıb və eksses aradan qaldırılıb.

 

MSK sədri öz operativ məlumatını başa çatdırmağa macal tapmamış, Qərb KİV-lərindən birinin brifinq zalında olan nümayəndəsi həmin insidentin detalları barədə Məzahir Pənahova suallar yağdırdı. Dərhal oradakı adamların hamısına, elə MSK sədrinin özünə də aydın oldu ki, bu qadın jurnalist hazırlanmış təxribatdan xəbərdar imiş, çünki o, ehtiyatsızlıq edərək həmin insidentin elə detallarını söylədi ki, hadisə yerindən 300 kilometr məsafədə bunları bilə bilməzdi.

 

Başqa bir misal. Oktyabrın 9-da müxalifətçi qruplar sosial şəbəkələrdə və “Youtube” də səsvermə qutularına bülletenlər atılmasından, “karusellərdən” bəhs edən videoçarxların köməyi ilə və başqa vasitələrlə seçkiləri gözdən salmaq kampaniyasına rəvac verdilər. Lakin bu kampaniyanın təşkilatçıları texniki detalları unutdular və elə həmin detallar saxtakarları ifşa etdi. Videoçarxlar “Youtube” videokanalında oktyabrın 8-də, yəni, seçkilərdən bir gün əvvəl yerləşdirilmişdi. Qəribədir, deyilmi?

 

Seçkilərin nəticələrinin qabaqcadan yerləşdirildiyi mobil qurğular barədə məsələyə də aydınlıq gətirmək istəyirəm. Bu təhrikçi hərəkət hazırda hüquq-mühafizə orqanları tərəfindən Mərkəzi Seçki Komissiyası ilə birgə araşdırılır və təqsirkarlar qanuna müvafiq məsuliyyətə cəlb ediləcəklər.

 

Seçki günü barışmaz müxalifətin nümayəndələri tərəfindən bir sıra seçki məntəqələrində çoxsaylı hüquqazidd və təhrikçi hərəkətlər törədilib. Komissiyaların üzvləri bütün bu faktları protokollaşdırıb və araşdırılmaq üçün Mərkəzi Seçki Komissiyasına göndəriblər.

 

Qara piarın, digər təhrikçi texnologiyaların təbliğat və əks-təbliğat vasitələri və üsulları hamıya məlumdur. Bu arsenala heyrətlənməyə dəyməz. Səsvermənin, seçki mübarizəsinin gedişində hər kəs nəyə inanırsa və ya nəyə ümid bəsləyirsə onu seçir. Ola bilsin ki, bunu adi hal hesab etmək lazımdır. Lakin ehtiyatlı tərpənərək prosesin qüvvədə olan qanunvericiliyə tam uyğun keçməsi üçün mümkün olan bütün tədbirləri görmüş MSK-nın mövqelərinə köhnə vaxtların dəniz döyüşünə xas olan taktiki üsuldan istifadə edərək qərəzli hücum çəkilməsini görəndə soruşmaq istəyirsən – nə üçün və nəyin xatirinə rənglər qarışdırılır və qərəzli mənfi rəy yaradılır?

Bir mühüm məlumatı nəzərinizə çatdırmaq istəyirəm. Bizə məlumdur ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu heç də müstəqil təşkilat deyil ki, müstəqil fəaliyyət göstərsin. O, bir gözü ABŞ-a baxaraq hərəkət edir. Bu təşkilatın əvvəllər də Azərbaycanda seçkilərə qeyri-obyektiv, qərəzli rəy verərkən ABŞ-dan aldığı konkret göstərişləri əsas tutduğunu bildiyimizə görə biz onu prezident seçkilərinə dəvət etmək fikrindən uzaq idik. Lakin Azərbaycan tərəfi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu ABŞ-ın məsləhəti ilə dəvət etmişdi. Sonradan məlum oldu ki, ABŞ Dövlət Departamentinin və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatları bir-birinin eynidir. Bu, etimaddan açıq-aşkar sui-istifadədir.

 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu dəfələrlə nümayiş etdirib ki, onun tutduğu mövqe kənardan diktə edilir. Bu fakt bizim həmin təşkilatla əməkdaşlığa son qoymağımıza əsas verir.

 

APA: Seçkilər başa çatdı. Siz post-elektoral dövrdə iqtidarla müxalifət arasında münasibətlərin inkişafını necə proqnozlaşdırırsınız?

 

- Seçki kampaniyaları ölkənin milli maraqlarının üstün gəlməsi naminə siyasi qüvvələri birləşdirməyə xidmət etməlidir. Sağlam cəmiyyətdə məsələnin bu cür qoyuluşu normal və təbii hesab edilir. Tərəflərin bir-birinə opponent olması heç də onların arasında sədd çəkilməsi, antaqonizm və xüsusən düşmənçilik nəzərdə tutmur.

 

Təəssüf ki, bizim şəraitdə bunun əksini, yəni pisin ən pisini müşahidə etməyə məcburuq. Radikal müxalifət artıq 20 ildən çox müddətdə konstruktiv dialoqa getmək istəmir. O, əvvəlki kimi, yenə də pisliyin kökünü özündə, özünün hakimiyyət uğrunda aqressiv mübarizə metodlarında deyil, işləməyi, ölkədə sabitliyə və inkişafa təminat verməyi, Azərbaycanın beynəlxalq mövqelərini möhkəmlətməyi bacaran güclü iqtidarın olmasında axtarır.

 

İqtidar öz opponentlərinə dəfələrlə bir masa arxasında əyləşərək dialoqa başlamağı təklif edib. Bu, güclülərə yaraşan hərəkətdir və iqtidar bunu nümayiş etdirir. Cavabında isə həmişə anlaşılmaz arqumentlər gətirilir, yersiz şikayətlər və qeyri-adekvat ritorika səslənir.

 

Dialoqun baş tutmamasına səbəb yenə də bizim opponentlərin əsassız ambisiyalarıdır. Axı, radikal müxalifətin elektoral dəstəyi yoxdursa, buna görə iqtidarı nə üçün təqsirləndirmək lazımdır? Əvvəlki illər ərzində bu düşərgənin sosial bazası göz qabağında əriyib gedib, çünki cənab radikallar onilliklər boyu gərəksiz işlərlə məşğul olublar. Onlar fəaliyyət proqramının ideoloji tərkib hissəsini müəyyən edə bilməyib, islahatlar proqramına alternativ quruculuq fəaliyyəti konsepsiyasını işləyib hazırlamayıblar. Bəs bu cür qeyri-müəyyən şəraitdə onlar ardıcıllarını öz tərəflərinə necə cəlb etmək niyyətində idilər?

 

Elektorat real ideoloji məqsədlərə, onlara nail olmağın hədəf və vasitələrinə, həyatın ayrı-ayrı sahələrində islahatların layihələrinə səs verir. İqtidar bunu həm bəyan edir, həm də həyata keçirir.

 

Barışmaz müxalifətin dəyişməz liderləri ölkəmizin uğurlarını, islahatlar proqramının yekunlarını təkzib edir, amma əvəzində heç nə təklif etmirlər. Onların heç bir idarəçilik təcrübəsi və potensialı, elektoral dəstəyi olmadığı halda yalnız hakimiyyət istəyirlər. Axı, qeyri-real, absurd vədlər verən namizədə hansı seçici səs verər?

 

Ölkənin İctimai Kanalında aparılmış televiziya debatları göstərdi ki, bu müxalifətçilər sivil mübarizəyə yenə də hazır deyillər. Onlar real seçkiqabağı platforma təklif edə bilmədilər, çünki sırf demaqogiyaya qurşandılar, halbuki favorit namizədin vəkilləri həmin namizədin perspektivdə nəyi və necə planlaşdırdığını aydın və anlaşıqlı şəkildə izah etdilər.

 

Görünür, tarix və barışmaz müxalifətçilərin kədərli təcrübəsi onlara heç nə öyrətməyib. Belə olmasaydı, onlar köhnə səhvlərini yenidən təkrar etməzdilər.

 

Seçkilərin nəticələrinə fikir verin: İlham Əliyev 84,55 faiz, Milli Şuranın namizədi isə cəmi 5,77 faiz səs toplayıb. Bu, nəyi göstərir? Onu göstərir ki, ölkədə barışmaz müxalifətin tərəfdarlarının sayı 150 min nəfərdən bir qədər çoxdur. Passivini hesablamağa məcbur olanların ciddi düşünmələri üçün bu, çox maraqlı məlumatdır.

 

Radikal müxalifətin dəyişməz liderləri bundan nəticə çıxarmalı və başa düşməlidirlər ki, radikalizm, aqressivlik heç bir nəticə verməyəcək. Bu, dar dalandır. Bu müxalifət hətta özünün azsaylı tərəfdarlarını da itirəcək. Artıq başa düşmək lazımdır ki, həm məsuliyyətli hökumət, həm də rəqabət qabiliyyətli müxalifət fəaliyyətdə olan demokratik cəmiyyətin ən mühüm tərkib hissələridir. Lakin rəqabət hüquqa zidd texnologiyaların artmasına, ictimai asayişin pozulmasına, təcavüzkar hərəkətlərə gətirib çıxarmamalıdır.

Azərbaycanın siyasi sisteminin təkmilləşdirilməsi və müxtəlif sosial qrupların mənafelərini əks etdirən siyasi qüvvələrin tarazlığına əsaslanan siyasi sabitliyin təmin edilməsi normal fəaliyyət göstərən müxalifət institutu olmadan mümkün deyil. Lakin müxalifət bu məsul rola həm ideoloji cəhətdən, həm də praktiki baxımdan tam hazır olmalıdır.

 

Quruculuq missiyası yalnız konstruktiv müxalifətə xasdır. Dövlət quruculuğunda, milli cəmiyyət, vətəndaş cəmiyyəti quruculuğunda, quruculuq prosesində iştirak etmək yalnız ona xasdır.

 

Barışmaz müxalifət düşərgəsindən olan funksionerlərin hərəkətləri onu göstərir ki, bu qüvvə öz resursunu tükədib. Onun ön sıralarında gedənlərin əksəriyyəti 1990-cı illərin əvvəllərində hakimiyyətdə olmuş adamlardır. Onlar hakimiyyəti itirəndən sonra “narazıları” öz ətrafına toplayaraq partiyalara rəhbərlik etməyə başlayıblar. Onlara xas olan qüsurlu dünyagörüşü, təhrif edilmiş mənəvi dəyərlər, xalqımız milli müstəqillik əldə edəndən sonra onun qarşısında duran yeni vəzifələrə uyğun olaraq yeniləşməyi bacarmaması bu düşərgəni “yeni qüvvələr” axınına ümid bəsləmək imkanından məhrum edir.

 

Müxalifətçi qüvvələrin öz seçiciləri ilə işləməyi, öz mövqelərini, baxışlarını və prioritetlərini onlara izah etməyi bacarmaması və ya bunu istəməməsi həmin düşərgəni yeni qüvvələr axınına ümid bəsləmək imkanından məhrum edir.

 

Bizim narazılara xas olan səciyyəvi bir xüsusiyyətə diqqət yetirməyə bilmərəm. Onlar bir fikirdən heç cür əl çəkə bilmirlər ki, guya həqiqi demokrat olmaq yalnız onlara xasdır, başqa heç kimə. Artıq neçə ildir ki, bu insanlar özlərini siyasi qüvvələrin demokratik cinahının nümayəndələri adlandırır, hərçənd onların mövqelərində həmişə demokratiyaya diametral əks olan xüsusiyyətlər və keyfiyyətlər üzə çıxır. “Demokrat” anlayışını gözdən salmamaq üçün onların özlərinə obyektiv qiymət verməsinin vaxtı çatıb. Əgər Azərbaycan müxalifətçilərinin hərəkətlərinə hamılıqla qəbul edilmiş norma və standartlar prizmasından nəzər salsaq, demokratiyanın təntənəsindən deyil, onun sosial xəstəliklərindən danışmaq üçün hər cür əsas var.

 

İqtidar ilə müxalifətin qarşıdurması ilk baxışdan həmişə nüfuz, imkanlar, resurslar uğrunda, nəhayət hakimiyyətin özü uğrunda mübarizədən ibarətdir. Lakin bu mübarizə ağılla, sivil şəkildə və ən başlıcası məsuliyyətlə aparılmalıdır. Çünki sağlam qüvvələrin maraqları prizmasından baxanda həmişə milli maraqların aliliyi kimi nəcib məqsəd görünür.

 

Trend: Bir halda ki, siz milli maraqlardan söz açdınız, bir məqamı dəqiqləşdirmək lazımdır – seçilmiş Prezident İlham Əliyev and içəndən və öz vəzifələrinin icrasına başlayandan sonra ölkənin xarici siyasət kursunda dəyişikliklər gözləməyə dəyərmi?

 

-Son illərdə ölkəmiz qonşu dövlətlərlə, Qərb ölkələri, müsəlman dünyası ilə olduqca konstruktiv münasibətlər qurub. Tərəfdaşlarımızla dialoqda qarşılıqlı anlaşma prinsipi üstünlük təşkil edir. Bu, gələcək xarici əlaqələr üçün çox əhəmiyyətlidir. Qarşılıqlı fəaliyyətin konstruktiv xarakteri ölkəmizə geniş üstünlüklər kompleksi, əmtəə dövriyyəsinin imkanını, inteqrasiya potensialının artmasını, əməkdaşlığın əhatə dairəsinin genişlənməsini vəd edir.

 

Ermənistan istisna olmaqla qonşu ölkələrlə münasibətdə Azərbaycanın problemləri yoxdur. Beynəlxalq mövqelərin möhkəmlənməsi məhz diplomatik arxa cəbhənin möhkəmlənməsinə şərait yaradır, bu isə Qarabağ probleminin həlli baxımından çox vacibdir. Getdikcə daha çox ölkə bizim ərazi probleminin mahiyyətini başa düşür.

 

Fikir verin ki, Azərbaycan beynəlxalq məkanlarda təcavüzkar ölkəni ardıcıl olaraq sıxışdırır. Bu, onun sayəsində baş verir ki, dostlarımızın, strateji tərəfdaşlarımızın sıraları ilbəil genişlənir. Onlar beynəlxalq sammitlərdə, BMT-nin, digər nüfuzlu beynəlxalq təşkilatların kuluarlarında, yüksək səviyyəli iclaslarda rəsmi Bakının mövqeyini dəstəkləməyə hazır olduqlarını göstərirlər.

 

Qitə ölkələri, Avropa İttifaqının subyektləri ilə qarşılıqlı faydalı əməkdaşlıq, NATO-nun iştirakı ilə “Şərq tərəfdaşlığı”, “Sülh naminə əməkdaşlıq” proqramlarının əsaslı dəstəklənməsi, Qoşulmama Hərəkatında təmsil olunmuş dövlətlərlə münasibətlərin inkişafı xətti hökmən davam etdiriləcək.

 

Müsəlman dünyası dövlətləri ilə strateji qarşılıqlı fəaliyyətin hələ reallaşmamış potensialı da böyükdür. Burada da mümkün və konstruktiv tədbirlərin sərhədləri genişləndiriləcək.

 

Beynəlxalq aləmdə fəaliyyətin intensivləşdirilməsi zərurəti Azərbaycan dövlətinin aydın və səlis xarici siyasəti olmaqla köhnə və yeni tərəfdaşlarla yaxınlaşmanın nəticəsi olan böyük müsbət imkanların artması ilə bağlıdır. Bizim dünya birliyinin subyektlərinə təklif ediləsi dəyərlərimiz var. Buna müvafiq olaraq onlardan əxz olunmasını vacib hesab etdiyimiz dəyərlər də çoxdur. Buna görə də tərəfdaşlarımıza və səmimi dostlarımıza doğru hərəkətimiz dinamik şəkildə artacaq.

 

AzərTAc: Məlum səbəblər üzündən ölkəmizin xarici siyasəti bu siyasətin vektorlarının qurulmasında Qarabağ problematikasından çıxış etməyə məcburdur. İstisna deyil ki, bəzi ölkələr erməni-türk barışığı ilə əlaqədar sürpriz etmək həvəsindən əl çəkməyiblər. Hər halda beynəlxalq mətbuata bu barədə informasiya sızır. Bu halda rəsmi Bakının reaksiyası necə olacaq?

 

-Sizin sualınızın predmeti indi son dərəcə aktualdır. Qərbdəki bəzi dairələr həqiqətən bu məsələni qabartmaqdan əl çəkmirlər. Onlar erməni-türk barışığı problemlərini beynəlxalq gündəmə bizim tərəfimizdən güzəştlər formatında qaytarmaq istəyirlər. Bizdə olan məlumata görə ayrı-ayrı dövlətlər bu niyyəti həyata keçirmək üçün Türkiyənin siyasi rəhbərliyinə təzyiq göstərirlər. Söhbət Sürix protokollarının reanimasiyasından gedir. Ölkəmiz bu prosesi diqqətlə izləyir və əgər Ermənistan-Türkiyə sərhədinin açılması Qarabağ münaqişəsinin tənzimlənməsi ilə uzlaşdırılmadan bu məsələ qoyularsa, Azərbaycanın reaksiyası son dərəcə mənfi olacaq və adekvat tədbirlər görüləcək. Ermənistan-Türkiyə barışığının birtərəfli qaydada olmaması üçün nə mümkündürsə, edəcəyik. Bizim kifayət qədər təsir vasitələrimiz var. Biz Ermənistanın təcrid olunmuş vəziyyətdən çıxmasına imkan verməmək üçün regional qüvvələr nisbətinə təsir göstərmək iqtidarındayıq.

 

Dünya birliyindən, tərəfdaş ölkələrdən beynəlxalq hüququn müddəalarına riayət olunmasını tələb etmək bizim təbii hüququmuzdur. Ermənistan Azərbaycan torpaqlarını 20 ildən artıqdır ki, işğal altında saxlayan, regional təhlükəsizliyə təhdid doğuran, beynəlxalq asayişi pozan, yeni risklər və problemlər yaradan təcavüzkar ölkədir. Buna görə də əgər ona təcrid olunmuş vəziyyətdən çıxmaq üstünlüyü verilərsə, bu, bütün qonşu dövlətlər üçün hökmən ciddi sarsıntılara, təhdidlərə gətirib çıxaracaq.

 

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu yaxınlarda bəyan edib ki, Ankara rəsmi Bakının qarşısında götürdüyü öhdəlikləri dəyişməyəcək, Azərbaycanın işğal edilmiş torpaqları azad olunmayınca Yerevanla yaxınlaşmaya getməyəcək. Bu, beynəlxalq hüququn tələblərinə, bizim gözləntilərimizə, Türkiyənin ədalətli mövqeyinin dəyişməzliyinə inamımıza uyğun olan obyektiv mövqedir. Təəssüf ki, bəzi Qərb dövlətləri bununla barışmaq istəmir, təcavüzkara dəstək verir, hiddətləndirici qeyri-adekvatlıq və riyakarlıq nümayiş etdirərək onun nazı ilə oynayırlar.

 

Dünya birliyi, Yerevanın donorları təcavüzkarı şirnikləndirməməli, beynəlxalq hüququn mövqeyində olmalıdırlar. Azğınlaşmış və təcavüzkar əhval-ruhiyyəli Ermənistanı öz qonşularının dinc, sakit və təhlükəsiz yaşamaq hüququna hörmət etməyə, işğal olunmuş torpaqları azad etməyə yalnız bu cür məcbur etmək olar.

 

Tamamilə aydındır ki, Yerevan xaricdəki himayədarlarının xoş münasibətindən istifadə etmək və Azərbaycanla diplomatik qarşıdurmada dönüşə nail olmaq istəyir. Ermənistan rəhbərliyi bu imkanı gördüyü üçün siyasi prosesi pozur, obstruksiyaya uyaraq daim vurnuxur. Əgər onun hipotetik xilas variantları olmasaydı, bəlkə də danışıqlar prosesində çoxdan irəliləyiş olardı.

 

Azərbaycan əvvəlki kimi yenə də bu problemin dinc yolla həllinə nail olmaq əzmindədir. Bu yol Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış mövcud dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsini nəzərdə tutur. Şübhəsiz, beynəlxalq hüququn aliliyi prinsiplərini rəhbər tutaraq səyləri real qarşılıqlı kompromislər ətrafında cəmləşdirmək lazımdır.

 

Ölkəmiz konstruktiv yanaşma ruhuna sadiq olduğunu dəfələrlə nümayiş etdirib və erməni tərəfdən də adekvat mövqe gözləyir. Münaqişənin dinc yolla tənzimlənməsi imkanları hələ tükənməyib və bu imkanlardan istifadə etmək lazımdır. Lakin xalqın səbri də hüdudsuz deyil.

 

Cənubi Qafqaz problemlərinə maraq göstərən bütün tərəflərin, o cümlədən Qərb dövlətlərinin bu həqiqəti anlaması çox vacibdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2623
avatar

Oxşar yazılar