Qüdrət Həsənquliyev yenidən BAXCP sədri seçildi
02 iyun 2013 16:19 (UTC +04:00)

Qüdrət Həsənquliyev yenidən BAXCP sədri seçildi

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) özünü III qurultayını keçirib.

 

APA-nın xəbərinə görə, Bakı Əyləncə Mərkəzində baş tutan qurultayda 747 nəfər qurultay nümayəndəsi iştirak edib.

 

Qurultayda hesabatla çıxışı edən BAXCP sədri Qüdrət Həsənquliyev ölkənin daxili və xarici siyasətindən, partiyasının strateji hədəflərindən danışıb.

 

O bildirib ki, BAXCP növbəti prezident seçkilərinə “Dördüncü respublika” şüarı ilə gedir. Partiyanın seçki platformasında ölkənin parlamentli respublika üsul idarəsinə keçməsi prinsipi əks olunub.

 

Dağlıq Qarabağ münaqişəsindən danışan partiya sədri problemin həlli istiqamətində irəliləyiş olmadığını, danışıqların dalana dirəndiyini deyib: “BAXCP Azərbaycanın Qərbə inteqrasiyasını, Qərb dəyərlərinin mənimsənilməsini üstün tutsa da, fəaliyyət istiqamətimizin prioriteti Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını ön plana çəkən dövlətlərlə yaxın olmaqdır”.

 

Partiya sədri deyib ki, Dağlıq Qarabağın statusu haqqında qərar qəbul olunmalı və xalq diplomatiyası vasitəsilə Ermənistanla qurulan ikitərəfli əlaqələrin yenidən bərpası qadağan olunmalıdır: “Təcrübə göstərir ki, bu cür yolla torpaq azad olunmur. İndiki gedişat Ermənistanın maraqlarına cavab verir”.

 

Partiya sədri deyib ki, onlar münaqişənin sülh yolu ilə həllinin olmadığını düşünürlər: “Görün, vəziyyət nə yerdədir ki, Ermənistanın havadarları Azərbaycana ciddi  təzyiq edirlər ki, niyə hərbi büdcəni artırırsınız”.

 

Qüdrət Həsənquliyev hesab edir ki, ölkədə milli birliyə və barışığa nail olmaq üçün islahatlara ehtiyac var: “ Ölkədə xarici faktorların təkidi ilə hakimiyyətin dəyişməsi müstəqilliyə yox,  suverenliyin itirilməsinə gətirib çıxara bilər. Buna görə də bizim üzvlərimiz də ayıq – sayıq olmalı, yerlərdə ölkənin müstəqilliyinə təhlükə olan qüvvələrə qarşı qəti mövqe nümayiş etdirməlidirlər. Yalnız hakimiyyət dəyişikliyi naminə Azərbaycanın müstəqilliyi üçün daim təhdid olan dövlətlərin birbaşa təsirində olan qüvvələrin siyasi aktivliyinə imkan vermək olmaz”.    

 

 

Q. Həsənquliyevin çıxışında xüsusi diqqət yetirdiyi mövzulardan biri də Güney Azərbaycanda baş verən milli-azadlıq hərəkatı və Türkiyə-Azərbaycan münasibətləri olub.

 

Daha sonra partiyanın Mərkəzi-Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib. Partiya sədrliyinə növbəti namizəd də Qüdrət Həsənquliyev olub. BAXCP üzvləri növbəti müddətə onun partiyaya sədrlik etməsinə səs veriblər.

 

Qurultayda iki qətnamə də qəbul edilib. “Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamə”də Dağlıq Qarabağ probleminin Ermənistan və dünyanı öz geosiyasi maraqları müstəvisində yenidən bölmək uğrunda mübarizə aparan, beynəlxalq hüquqa və onun prinsiplərinə məhəl qoymayan aparıcı dövlətlərin riyakar münasibəti nəticəsində öz həllini tapmaması fikriləri yer alıb. Eyni zamanda qətnamədə qeyd olunub ki, həmsədr dövlətlərin işğalçı Ermənistana maliyyə ayırması və Dağlıq Qarabağdakı separatçı rejimə müstəqil subyekt kimi yardım göstərilməsi bu dövlətlərin münaqişəyə ikili standartlarla yanaşmasının bariz nümunəsidir.

 

“İctimai-siyasi vəziyyətə dair qətnamə”də isə Azərbaycanın sivil dünyanın demokratiya, insan hüquqları, azad bazar iqtisadiyyatı dəyərlərini mənimsəməsi, hər bir vətəndaşın, bütövlükdə cəmiyyətin xöşbəxt gələcəyi üçün böyük önəm daşıması kimi fikirlər yer alıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 977
avatar

Oxşar yazılar