Qüdrət Həsənquliyev: "Regionda müharibə qaçılmaz olacaq"
13 oktyabr 2013 16:41 (UTC +04:00)

Qüdrət Həsənquliyev: "Regionda müharibə qaçılmaz olacaq"

 “Gürcüstanda baş verən hadisələr region və xüsusilə mənim ölkəm üçün çox vacibdir. Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır.
 
 
Bunun səbəbi Azərbaycanın öz enerji ehtiyatlarını Gürcüstan vasitəsilə ixrac etməsidir”. APA-nın məlumatına görə, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bu sözləri NATO Parlament Assambleyasının Xorvatiyada keçirilən payız sessiyasında çıxışı zamanı deyib.
 
Qüdrət Həsənquliyev bildirib ki, Gürcüstan həm də mühüm tranzit ölkəsidir: “Çünki o, təkcə Azərbaycanın deyil, Mərkəzi Asiyanın enerji ehtiyatlarını nəql edir. Avropanı öz enerji ehtiyatlarından asılı etmək istəyən Rusiya bunu çox yaxşı dərk edir. Beləliklə, bu marşrutun yolunu kəsmək və bu iki ölkəni təsir altında saxlamaq üçün Rusiya etnik separatizmi dəstəkləyir. Təəssüf ki, Rusiya "Böyük Ermənistan" ideyası ilə yaşayan radikal erməni milliyətçilərindən istifadə edərək, iki qonşu ölkə arasında münaqişə yaratdı və erməni milliyyətçilərini Ermənistanda hakimiyyətə gətirdi. Dünən siyasi komitənin iclasında qeyd olunduğu kimi, Rusiyanın Kalininqrad vilayəti hərbiləşdirilib. Bu gün Ermənistanla Kalininqrad arasında heç bir fərq yoxdur. Bildiyiniz kimi, Ermənistan sərhədlərinin Rusiya tərəfindən mühafizəsinə dair müqavilənin müddəti 2044-cü ilə kimi uzadılıb və Rusiya Ermənistanı Avrasiya Gömrük İttifaqına qoşulmağa məcbur edib”.
 
Qüdrət Həsənquliyev bildirib ki, Ermənistan prezidentinin müstəqil qərar qəbul etmək səlahiyyəti Rusiyanın Kalininqrad bölgəsinin qubernatorunun səlahiyyətindən çox deyil. “Ermənistan Rusiyaya arxalanaraq Azərbaycan ərazilərinin 20 faizini işğal edib, bunun nəticəsində bir milyon insan qaçqın və məcburi köçkünə çevrilib. Bu gün təbii artım nəticəsində bu qaçqınların və məcburi köçkünlərin sayı 1 milyon 200 minə çatıb. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, Rusiya və İranın dəstəklədiyi Ermənistan işğala son qoymur və bu qətnamələrə əməl etmir. Rusiya kimi İran da Cənubi Qafqazın Avropaya inteqrasiyasında maraqlı deyil, Rusiya kimi İran da Ermənistanda Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə olunan hərbi xuntanın müttəfiqinə çevrilib”.
 
Millət vəkili bildirib ki, regionda təhlükəsizliyə nail olmaq üçün, NATO və Avropa İttifaqı Rusiya ilə münasibətlərində bu məsələni gündəmdə saxlamalıdır: “Rusiyanın Ermənistandakı daim inkişaf edən hərbi bazaları region ölkələri üçün böyük təhdidə çevrilib. Bu kontekstdə Gürcüstanla bağlı məsələnin xüsusi olaraq qəbul edilməsi regionun təhlükəsizlik problemlərinin həllinə kömək etməyəcək. Qeyd etdiyim kimi, Ermənistana təzyiq etməyin mənası yoxdur, çünki bu ölkə müstəqil qərarlar qəbul etmək iqtidarında deyil. Ermənistan dağılmış dövlətdir. Mən bir daha vurğulamaq istərdim ki, təkcə Gürcüstanın ərazi məsələsi deyil, Azərbaycan ərazilərinin işğalı məsələsi də hər zaman NATO Parlament Assambleyasının gündəliyində olmalıdır. Çünki işğalın davam etməsi regionda müharibəni qaçılmaz edəcək”.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1531
avatar

Oxşar yazılar