Millət vəkili Qənirə Paşayeva Türkiyənin Giresun Universitetinin rektoru Aygün Attarla və Universitetdə təhsil alan azərbaycanlı gənclərlə görüşüb. Lent.az-ın məlumatına görə, Giresun Universitetinin rektoru Aygün Attarla görüşdə Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığın getdikcə daha da genişləndiyini bildirən millət vəkili bunun gələcəyimiz üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.
Q.Paşayeva Aygün Attarın Azərbaycan həqiqətlərinin, türk dünyası həqiqətlərinin daha geniş yayılması istiqamətində və Azərbaycanla təhsil sahəsində əməkdaşlığın genişlənməsi istiqamətindəki fəaliyyətlərinin hər kəs tərəfindən yüksək qiymətləndirdiyini deyib. O, Aygün Attarın rektor təyin edilməsindən sonra Giresun Universitetinin sürətlə inkişaf etməsi barədə xəbərləri böyük məmnuniyyətlə izlədiklərini də deyib.
A.Attar da Azərbaycanın ali təhsil müəssisələri ilə artıq geniş əməkdaşlığa başladıqlarını və bu əməkdaşlığın sürətlə davam edəcəyini bildirib.
Millət vəkili eyni zamanda Universitet tələbələrinin foto-sərgisinin açılış mərasimində də iştirak edib və onlara uğurlar arzulayıb.