Rumıniyanın baş naziri Viktor Ponta Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxış etdikdən sonra millət vəkillərinin suallarını cavablandırıb.
Lent.az-ın verdiyi məlumata görə, Azərbaycan-Rumınya Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Rumıniya baş nazirindən onun may ayında Azərbaycana planlaşdırılan səfəri barədə soruşub.
Bunun Viktor Pontanın baş naziri kimi Azərbaycana ilk səfəri olduğunu vurğulayan Qənirə Paşayeva baş nazirdən özünün və rəhbərlik etdiyi hökumətin Azərbaycanla əməkdaşlıq sahəsində siyasətini soruşub. Viktor Ponta isə Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini bildirib: “Mənim səlahiyyət müddətimdə əsas hədəflərimdən biri Qara dəniz bölgəsində enerji potensialını inkişaf etdirməkdir. “Nabuco” layihəsi birinci prioritetdir. Bölgədə bütün ölkələr arasında daha təkmil əməkdaşlıq bu ölkələrə enerji və iqtisadi inkişafı təmin etməklə orta və uzun müddətli faydalar gətirəcək. Ölkənizə böyük məmnuniyyətlə səfər edəcəyəm. Enerji mühüm məsələdir və bu səbəbdən Avropa Birliyi 25 mayda bu mövzuya diqqətini yönəldəcək. Ümidvaram ki, bu, sirr deyildir. Biz “Nabuco”nun uğurunu təmin etmək üçün Azərbaycan hakimiyyəti ilə sıx təmasdayıq".
Qənirə Paşayeva AŞPA-da çıxışından sonra Viktor Ponta ilə görüşüb. Qənirə Paşayevanın hər iki ölkənin beynəlxalq təşkilatlarda təmsil olunan parlament nümayəndə heyətləri arasında əməkdaşlığın daha da genişlənməsini önəmli sayıb. Viktor Ponta da bunun çox vacib olduğunu söyləyib.