Millət vəkili Qənirə Paşayeva Türk Amerikan Dərnəkləri Federasiyası (TADF) tərəfindən düzənlənən 32-ci Nyu-York Türk Günü Yürüşünə qatılıb.
Lent.az-ın verdiyi məlumata görə, Qənirə Paşayeva ilə bərabər yürüşə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Tomris Azərinin rəhbərlik etdiyi Amerika Azərbaycanlıları Şurası və Nyu-Yorkda fəaliyyət göstərən digər Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri də qatılıblar.
Yürüşdə Türkiyənin Avropa Birliyi naziri və baş müzakirəçisi Egemen Bağış, Türkiyə- Amerika Parlamentlərarası Dostluq Qrupunun sədri və AKP sədrinin müavini Mevlüt Çavuşoğlu, Türkiyənin BMT-dəki daimi nümayəndəsi Halit Çevik, Türkiyənin Nyu-Yorkdakı baş konsulu Levent Bilgen, Kuzey Kıbrıs Türk Cumhuriyetinin (KKTC) baş naziri İrsen Küçük, TADF sədri Ali Çınarın da iştirak ediblər. On minlərlə türk kökənli insanın iştirak etdiyi Türk Günü Yürüşünə bir sıra konqresmenlər və ABŞ rəsmiləri də qatılıblar.
Qənirə Paşayeva deyib ki, bu yürüş Türk millətinin gücünü, birlik və bərabərliyini göstərməklə bərabər, Türk milləti əleyhinə çalışan bəzi qruplar üçün də bir xəbərdarlıqdır, birlik və bərabərliyimizi görüb dərs almalıdırlar ki, apardıqları düşmənçilik, yalan, böhtan və işğalçılıq siyasəti nəticəsiz qalacaq. Onun sözlərinə görə, Türk Günü Yürüşü 32-ci ildir ki, keçirilir və bütün Türk dünyası təmsilçiləri bu yürüşdə iştirak edir.
Qənirə Paşayeva 32-ci Türk Günü Yürüşü çərçivəsində Nyu-Yorkda Türk kökənli diaspor təşkilatları rəhbərləri ilə də görüşüb. Millət vəkili görüş zamanı bildirib ki, dünyanın hər yerində, o cümlədən ABŞ-da yaşayan türk kökənli insanlarımız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar. Türk diasporunun rəhbərləri ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə birlikdə Azərbaycan həqiqətlərinin yayılması, Azərbaycan mədəniyyətinin ABŞ cəmiyyətinə daha geniş çatdırılması və təbliği istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildiriblər.
Görüşün sonunda Qənirə Paşayeva türk diasporunun rəhbərlərinə Azərbaycan həqiqətlərinə dair materialları hədiyyə edib.