Millət vəkili Qənirə Paşayeva Kayseri valisi Orhan Düzgünlə görüşüb. Lent.az-ın məlumatına görə, Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnun qalan Q. Paşayeva O. Düzgünü Kayseriyə yeni vali təyin olunması münasibəti ilə təbrik edib.
Görüşdə Q. Paşayeva Dağlıq Qarabağdan, Şuşa və Laçından danışıb: “Torpaqlarımızın 20%-i erməni işğalı altındadır. Qaçqın və məcburi köçkünlər uzun illərdir, doğma yurdlarına dönə bilmir. Dağlıq Qarabağ və işğal edilən digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən soyqırımlar, qətliamlar törədilib, tarixi abidələrimiz erməni vandalizminə məruz qalıb”.
Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan O.Düzgün bölgələr arasında əlaqələrin daha da genişləndirilməsinin önəmli olduğunu və bu istiqamətdə bir vali kimi əlindən gələni edəcəyini deyib.