Gürcüstanın baş naziri Bidzina İvanişvili Avropa Şurası Parlament Assambleyasında çıxış edib və çıxışdan sonra AŞPA millət vəkillərinin suallarını cavablandırıb. Lent. az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini diqqətə çatdıraraq baş nazirdən bu ölkədə yaşayan azərbaycanlıların problemlərinin həlli istiqamətində hansı addımlar atdığını və gələcək planları haqda soruşub.
İvanişvili millət vəkilinin sualına cavabında deyib ki, seçki prosesində Gürcüstanın bütün regionlarına səfər edib. Bu səfərlər çərçivəsində etnik azərbaycanlı azlıqlar, eləcə də digər etnik grupların nümayəndələri ilə görüşlər keçirib: “Azərbaycanlı milli azlığı ilə çox müsbət və dost münasibətlərimiz var. Bizdə etnik qruplar problemi yoxdur. Əmin ola bilərsiz. Hər şeyi elə edəcəyik ki, onlar özlərini tam hüquqlu Gürcüstan vətəndaşı saysınlar”.