Millət vəkili Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxış edib.
Lent.az-ın verdiyi məlumata görə, Qənirə Paşayeva deyib ki, hər 9 vətəndaşından biri təxminən 20 ildir ki, qaçqın və məcburi köçkün olan və qaçqın və məcburi köçkünlərin sayına görə Avropada və dünyada analoqu olmayan Azərbaycanın bir nümayəndəsi olaraq çıxış edir.
Qənirə Paşayeva xatırladıb ki, bir neçə gün sonra Azərbaycanın Şuşa şəhərinin və Laçın rayonunun Ermənistan tərəfindən işğalının 21-ci ili tamam olur. 21 ildir Şuşalılar, Laçınlılar da daxil olmaqla 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünlər öz evlərinə qayıda bilmir və bu, Avropa məkanında davam edən ən böyük insan haqları pozuntusudur: “Sonuncu dəfə bununla bağlı AŞPA-da ayrıca müzakirələr nə vaxt aparılıb? Artıq böyük bir zaman keçib. Bununla bağlı 1416 saylı qətnamə də daxil olmaqla, qəbul etdiyimiz sənədlər nə qədər yerin yetirilib. Təəssüf ki, qəbul edilən sənədlərin, qətnamələrin həyata keçirilməsi istiqamətində heç bir müsbət addım yoxdur. Bizim bu Assambleyada qəbul etdiyimiz 1416 saylı qətnamədə deyilirdi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan verilməlidir. Qətnamənin qəbulundan təxminən 10 il keçsə də Ermənistan bu günə qədər onu yerinə yetirməkdən imtina edir. Sizcə, artıq 100 minlərlə insanın taleyinə laqeyd qalmayıb 1416 saylı qətnamənin həyata keçirilməsi istiqamətində daha sərt addımlara əl atmaq vaxtı deyilmi? Hər birimizin həyatdan köçmüş yaxınları var, onların məzarlarını ziyarət edirik. Amma 20 ildir ki, Azərbaycanlı qaçqın və məcburi köçkünlər öz evlərinə, öz torpaqlarına dönə bilmir, öz yaxınlarının məzarlarını belə ziyarət edə bilmirlər. Hər il yüzlərlə insan öz evinə dönmək həsrəti ilə dünyadan köçür. Bundan ağır faciə ola bilərmi? Gəlin bir anlıq özümüzü onların yerində hiss edək. O zaman onlara kömək etmək üçün əslində Assambleyanın əlində nə qədər mexanizmlərin olduğunu daha yaxşı görə bilərik”.
Qənirə Paşayeva vurğulayıb ki, Azərbaycanlı qaçqın və məcburi köçkünlər AŞPA-dan çox şey gözləyirlər, sadəcə müzakirələr aparmaq və sənədlər qəbul etməklə əsas işi bitmiş hesab etmək olmaz: “O insanlar sizdən qəbul etdiyiniz qətnamələrin, sənədlərin həyata keçməsi üçün daha təsirli mexanizmlərə əl atmanızı, qəbul etdiyiniz sənədlərin necə yerinə yetirilməsinə ciddi nəzarət etməyi və bu istiqamətdə tez-tez müzakirələrin açılmasını gözləyirlər. ən 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün müraciətini sizə çatdırmaq istəyirəm. Bu insanlar Assambleyaya müraciətlə bizi unutmayın, 1416 saylı qətnamənin həyata keçirilməsi üçün fəaliyyətinizi, aktivliyinizi, Ermənistana təsir və təzyiqlərinizi artırın deyir. Mən Assambleyamızı Cənubi Qafqazda məcburi köçkünlərin vəziyyəti ilə bağlı yaxın zamanlarda xüsusi müzakirələr aparmağa çağırıram. Çünki harada olmasından asılı olmayaraq biz qaçqın və məcburi köçkünlərin məsələsini daha çox diqqətdə saxlamalı və onlara öz kömək əlimizi uzatmalıyıq. Avropa Şurası baş verənlərə və qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsinə biganə qalmamalıdır. Assambleyamızı bu insanların taleyinə biganə yanaşmamağa və qəbul etdiyimiz qətnamələrin, 1416 saylı qətnamənin həyata keçməsi üçün özünün təsir və təzyiq mexanizmlərini artırmağa çağırıram”.
Qənirə Paşayeva AŞPA-nın Ermənistan prezidenti Serj Sərkisyana təzyiq göstərməyə də çağırıb. Onun sözlərinə görə. bütün beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq Serj Sarkisyan Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında Xocalıda aeroportun tikintisini davam etdirib, Suriyada baş verən hadisələr üzündən bu ölkədən qaçan erməniləri Ermənistana deyil, işğal etdikləri Azərbaycan torpaqlarına köçürmə siyasətini həyata keçirməyə başlayıb. Baxmayaraq ki, beynəlxalq təşkilatlar bu addımların tamamilə əleyhinədir, amma Ermənistan bu köçürülmələri davam etdirir. Bu isə bölgədə vəziyyəti daha da gərginləşdirir, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesinə zərbə vurur: “AŞPA Ermənistan rəhbərliyindən bölgədə vəziyyəti gərginləşdirən addımları dayandırmağı və 1416 saylı qətnamənin yerinə yetirilməsini tələb etməlidir. Əks halda bölgədə vəziyyət daha da gərginləşəcək. Bütün bunları nəzərə alaraq biz AŞPA-nı çağırırıq ki, Ermənistandan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesinə zərbə vuran addımlara son qoymağı tələb etsin. Unutmamalıyıq ki, Cənubi Qafqaz bölgəsində vəziyyətin getdikcə daha da gərginləşməsi bütün Avropa üçün də ciddi təhlükədir”.