Günün ikinci yarısında da Qarabağ bölgəsində seçki aktivliyi müşahidə olunur. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Tərtər və Xocavənd rayonlarında ATƏT, MDB Müşahidə Missiyasının, eləcə də digər beynəlxalq təşkilatların müşahidəçiləri yerli məntəqə seçki komissiyalarında səsvermə prosesini müşahidə ediblər.
Ağdam, Bərdə, Tərtər və digər rayonlar üzrə dairə seçki komissiyalarının hər birinin təxminən 2-6 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Ümumilikdə 1200-dən çox yerli müşahidəçi seçki prosesini diqqətdə saxlayır.
Sözügedən rayonlarda fəaliyyət göstərən dairə seçki komissiyalarından APA-nın Qarabağ bürosuna verilən məlumata görə, indiyədək hansısa səsvermə məntəqəsində insident qeydə alınmayıb.
Hər dairə üzrə 4-8 məntəqədə “exit-poll” keçirilir. DSK-lardan o da bildirilib ki, xeyli sayda seçici daşınan qutulardan istifadə etməklə səsvermədə iştirak edib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov APA-nın Qarabağ bürosuna bildirib ki, səsvermə prosesi ərzində dairə və məntəqə seçki komissiyalarında hansısa problem və ya çatışmazlıq haqda yerli idarəetmə orqanlarına müraciət daxil olmayıb.