Qafqaz Xalqları Ali Dini Şurası yenidən prezident seçilməsi münasibəti ilə İlham Əliyevi təbrik edib.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, Qafqazın din xadimləri və dindarları adından ünvanlanan təbrikdə qeyd edilir ki, aralarında ölkənin bütün ənənəvi konfessiyalarına mənsub dindarların da olduğu seçicilərin əksəriyyəti tərəfindən İlham Əliyevə göstərilmiş dəstək çoxmillətli Azərbaycan xalqının öz liderinə yüksək münasibətini yenidən təsdiqləyib.
Təbrikdə vurğulanıb ki, seçkilərin nəticələri insanların Azərbaycanın həyatında baş vermiş müsbət dəyişiklikləri layiqincə qiymətləndirdiyini sübut edib: “Azərbaycan xalqı qazanılmış nailiyyətləri artırmağa, mənəvi kamilləşmə və dirçəlişə, Vətənin davamlı inkişafına imkan verən düzgün seçim etdi. Biz şahidik ki, Azərbaycanda xalqın mənəviyyatının möhtəşəm abidələri – məscidlər və ziyarətgahlar şəxsən sizin rəhbərliyinizlə bərpa edilib. Bizi sevindirən budur ki, mehriban qonşular olan iki ölkə - dünya birliyinə inteqrasiya etmiş böyük iqtisadi potensiala malik olan və müasir ictimai model qurmuş Azərbaycan və Rusiya dövlətləri vətəndaşların milli və dini mənsubiyyətindən asılı olmayaraq onların mənəvi həyatı üçün hər cür zəruri şərait yaradır. Bütün bunlar, habelə xalqlarımızın çoxəsrlik tolerantlıq ənənələri, konfessiyalararası dialoq və multikulturalizm işinə onların töhfəsi bizim dövlətlərə və ölkələrimizin rəhbərlərinə beynəlxalq nüfuz qazandırıb, Ulu Tanrı onlara xeyir-dua verib. Biz, dini liderlər də öz növbəmizdə xalqlarımız arasında sülh və həmrəylik naminə dövlətlərimizin başçıları tərəfindən göstərilən səyləri dəstəkləyirik. Əminik ki, sizin bütün ənənəvi dinlərə, o cümlədən islam ənənələrinə ehtiramınız, islamofobiya təzahürlərinə qarşı bütün İslam dünyasında dərin hörmət qazanmış qətiyyətli çıxışlarınız konfessiyalararası dialoqun və qarşılıqlı anlaşmanın daha da inkişaf etdirilməsi işinə sanballı töhfə olacaq”.
Təbrik məktubuna Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Qafqaz Xalqları Ali Dini Şurası sədrinin müavini Çeçenistan Respublikasının müftisi Sultan Mirzəyev, o cümlədən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri olan Şimali Qafqaz Müsəlmanlarını Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl, Bakı və Azərbaycan arxiyepiskopu Berdiyev Aleksandr İşein, İnquşetiya Respublikasının müftisi İsa Xamxoyev, Dağıstan Respublikasının müftisi Əhməd Abdullayev, Kabardin-Balkar Respublikasının müftisi Həzrətəli Dzasejev, Şimali Osetiya-Alaniya Respublikasının müftisi Hacımurad Qatsalov, Kalmık Respublikasının müftisi Sultanəhməd Karalayev, Beynəlxalq İslam Missiyasının prezidenti, Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin Rusiyadakı nümayəndəsi, RF İctimai Palatasının üzvü Şafiq Pşixaçev, İmam Əbu-Hənifə adına Şimali Qafqaz İslam Universitetinin rektoru Şərafutdin Çoçayev, Qafqaz Xalqları Ali Dini Şurasının üzvü Nurbi Yemij imza atıblar.