Prezident İlham Əliyev sentyabrın 4-də cənub bölgəsinə səfəri çərçivəsində Salyan rayonuna gəlib. Lent.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə rayonun mərkəzində Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Prezident Salyanda Bayraq Meydanında yaradılan şəraitlə tanış olub. Dövlət başçısına məlumat verilib ki, Bayraq Meydanın inşasına bu ilin iyununda başlanıb, avqustda başa çatdırılıb. Ümumi sahəsi 2,1 hektar olan Bayraq Meydanı Salyan şəhərinin girişində, Milli Qəhrəman Nazim Babayev küçəsində yaradılıb.
Bildirilib ki, ərazidə uzunluğu 236, eni isə 7 metr olan su kanalı tikilib. Kanalın üzərində uzunluğu 11, eni 3 metr olan iki körpü, ərazidə biri səkkizguşəli olmaqla 17 fəvvarə, kanalüstü “Buta” və iki “Lalə” inşa olunub. Burada geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi, dekorativ məhəccər qurulub, oturacaqlar qoyulub. Parkda uşaq-əyləncə qurğuları quraşdırılıb.
Prezident meydanda yaradılan şəraitlə tanışlıqdan sonra müvafiq tapşırıqlarını verib.
Prezidenti İlham Əliyev Salyanda Heydər Əliyev Mərkəzinin və Salyan Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib.