Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Al Səudu Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə təbrik edib.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, təbrikdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərin, çoxşaxəli dostluq əlaqələrinin və əməkdaşlığın öz davamlı inkişafı ilə bundan sonra da ölkələrimizin və qardaş xalqlarımızın mənafelərinə xidmət edəcəyi qeyd olunub.
Prezident İlham Əliyev kral Abdullah bin Əbdüləziz Al Səuda cansağlığı, işlərində uğurlar arzulayıb, Səudiyyə Ərəbistanının qardaş xalqına əmin-amanlıq və firavanlıq diləyib.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, baş nazirin müavini, müdafiə naziri Salman bin Əbdüləziz Al Səudu da təbrik edib.