Prezident İlham Əliyev sentyabrın 18-də Quba rayonuna səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak edib. Lent.az-ın məlumatına görə, dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən binanın inşası bir il ərzində həyata keçirilib. Prezident mərkəzin 250 yerlik akt zalı ilə tanış olub. Geniş və işıqlı zalda gənclər üçün rayon və respublika səviyyəli tədbirlərin, konfransların və iclasların keçirilməsi nəzərdə tutulur. Mərkəzdə gənclər kafesi və karaoke-bar fəaliyyət göstərəcək. Gənclər Mərkəzində kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır. Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
Prezident həmçinin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında inşa olunmuş “Yaşıl teatr”ın açılışında iştirak edib. Məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həm respublika, həm də rayon səviyyəli mədəni-kütləvi tədbirlərin keçirilməsi məqsədilə yaradılan teatrın tikintisinə bu ilin əvvəlində başlanılıb. Teatrın tamaşa zalı 1000 nəfərlikdir. “Yaşıl teatr”da ən son texnologiyalara əsaslanan səs və işıq sistemləri qurulub. Azərbaycan Prezidentinə və xanımına Heydər Əliyev adına parkda inşa olunmuş Bayraq kompleksi barədə də məlumat verilib.