Prezident İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak edib. Lent.az-ın məlumatına görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə kompleksin məlumat mərkəzində yaradılmış şəraitlə tanış olublar.
Dövlət başçısı və xanımı burada kompleksin sxemini əks etdirən stendlərə baxıblar.
Bildirilib ki, kompleksdəki bütün bölmələr və eksponatların yanında quraşdırılan xüsusi audio bələdçi qurğuları vasitəsilə ingilis, rus və Azərbaycan dillərində ətraflı məlumat almaq mümkündür.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva ərazisində görülmüş işləri əks etdirən stendlərə baxıblar. Dövlət başçısı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad etdi, kompleksin önünə əklil qoyub.
Kompleksin ekspozisiya zalı ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, aşkar olunmuş kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Onun 494 kvadratmetrlik hissəsində tədqiqat işləri aparılsa da, 20 kvadratmetr ərazi beynəlxalq tədqiqat işləri üçün saxlanılıb. Tədqiqat işlərinin nəticəsi olaraq, məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib.
Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar yer alıb.
Komplekslə tanışlıqdan sonra dövlət başçısı burada Quba rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident mərasimdə çıxış edib.
Rayon sakini İsa Şirinov, Quba Dağ Yəhudiləri İcmasının sədri Boris Simanduyev, Qusar rayon sakini Qorxmaz Muradov Azərbaycan prezidentinə minnətdarlıqlarını çatdırıblar.
Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva soyqırımı qurbanlarının xatirəsinə ağac əkiblər. Sonda xatirə şəkli çəkdirilib.
*****
Prezident İlham Əliyev bu gün həmçinin Quba Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib.