Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Gürcüstanın milli bayramı – Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Gürcüstan prezidenti Mixeil Saakaşvilini təbrik edib.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, təbrikdə qeyd olunur ki, Azərbaycan ilə Gürcüstanı çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün bu münasibətlər dinamik və hərtərəfli inkişaf edərək yeni məzmun kəsb etmiş, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: “Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də regional və beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığımızı, xalqlarımızın rifahı, ölkələrimizin çiçəklənməsi, regionumuzda tərəqqi və sabitliyin bərqərar olması naminə birgə səylərimizi bundan sonra da davam etdirəcəyik. Bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Gürcüstan xalqına sülh və rifah arzulayıram”.