Mayın 1-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qobustan İdman Kompleksinin açılışında iştirak edib. Lent.az-ın məlumatına görə, dövlət başçısı kompleksin rəmzi açılışını bildirən qırmızı lenti kəsib.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan prezidentinə məlumat verib ki, paytaxt Bakı ilə yanaşı, regionlarda da inşa olunan nəhəng idman obyektləri ölkəmizin idman potensialının nümayişinin, gənclərimizin bu sahəyə meylinin artmasının göstəricisidir.
Bildirilib ki, kompleksin ərazisi 2,67 hektar, binanın ümumi sahəsi isə 3,5 min kvadratmetrdir. Ümumi smeta dəyəri beş milyon manat olan kompleks Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilib.
Prezident İlham Əliyev yeni idman qurğusunun futbol, basketbol, tennis meydançalarına baxıb.
Dövlət başçısına Lənkəran və Tərtər Olimpiya-İdman komplekslərinin eskiz layihələri təqdim olunub. Sonra prezident İlham Əliyev Qobustan rayon ictimaiyyətinin nümayəndələri və idmançılarla görüşüb.
Azərbaycan prezidenti İlham Əliyev mayın 1-də Qobustana səfəri çərçivəsində həmçinin rayon mərkəzindəki parkda Bayraq Meydanında yaradılmış şəraitlə tanış olub.