Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elmar Broku qəbul edib. Lent.az-ın məlumatına görə, dövlət başçısı Azərbaycanla Avropa təsisatları arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və yaxşı nəticələr əldə olunduğunu vurğulayıb. Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin gələcəkdə daha da genişləndirilməsi üçün imkanları müəyyənləşdirməyin önəmini qeyd edib. Dövlət başçısı Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri E. Brokun ölkəmizə səfərinin Azərbaycanla Avropa təsisatları arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Ölkəmizlə Avropa təsisatları arasında əlaqələrə toxunan Elmar Brok “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Avropa Parlamenti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.