Prezident İlham Əliyev “10 ilin dövlət adamı” seçilib
14 may 2013 17:50 (UTC +04:00)

Prezident İlham Əliyev “10 ilin dövlət adamı” seçilib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda “10 ilin dövlət adamı” seçilib.


 

APA-nın “AzərTAc”a istinadən xəbərinə görə, bu barədə “Ekovitrin”də dərc olunmuş geniş yazıda jurnalın keçirdiyi rəy sorğusunda 270 992 respondentin iştirak etdiyi bildirilib.

 

Jurnalda İlham Əliyevin Azərbaycan prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, son 10 ildə prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Nəşrdə dövlət başçısının daxili və xarici siyasətinin uğurlu nəticələri aşağıdakı ardıcıllıqla şərh edilib:

 

- Prezident İlham Əliyev əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın neft strategiyasını uğurla davam etdirib. Enerji resurslarının ixracının şaxələndirilməsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz əsas ixrac boru kəmərlərinin tikintisi başa çatdırılıb, Azərbaycan nefti və qazı dünya bazarına çıxarılmış və ölkənin büdcəsinə milyardlarla dollar vəsait daxil olmağa başlayıb;

 

- Dövlət başçısı İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafını öz siyasətinin başlıca istiqaməti kimi müəyyənləşdirib, qarşıya qoyulan məqsədlərə çatmaq üçün çoxsaylı dövlət proqramları, layihələr reallaşdırılıb. Azərbaycan iqtisadiyyatı şaxələndirilib, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilib. Son illər ölkənin sənaye, turizm, idman, bank fəaliyyəti, ticarət və digər sahələrində ciddi irəliləyiş müşahidə olunmaqdadır. Hazırda Azərbaycan Dövlət Neft Fondunda 30 milyard dollardan artıq vəsait toplanıb. Ölkənin strateji valyuta ehtiyatları isə 46 milyard dollara çatıb. Doqquz milyondan çox əhalisi olan Azərbaycan dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil olub;

 

- Başda paytaxt Bakı olmaqla ölkənin bütün yaşayış məntəqələrində geniş abadlıq-quruculuq işləri həyata keçirilib, Azərbaycanın siması dəyişib və müasirləşib. Bu gün Bakıya gələn xarici qonaqlar on ildə baş vermiş dəyişiklikləri heyranlıqla izləyir və yüksək fikirlər bildirirlər;

 

- Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində Azərbaycanda yoxsulluğun səviyyəsi 6,2 faizə, işsizlik isə 5 faizə düşüb. 2012-ci ilin nəticələrinə görə, ölkədə inflyasiya cəmi 1 faiz təşkil edir. Son 10 ildə bir milyondan artıq yeni iş yeri yaradılıb;

 

- Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində mühüm nailiyyətlər əldə edib. 2013-cü ildə ilk peykini fəzaya çıxarmaqla Azərbaycan kosmik ölkələr sırasına daxil olub;

 

- Ötən 10 ildə Azərbaycan iqtisadiyyatına 130 milyard dollar məbləğində investisiya yatırılıb. Azərbaycan öz investisiya siyasətinin yeni konturlarını müəyyənləşdirmiş və fəal şəkildə xarici ölkələrin iqtisadiyyatına sərmayə yatırmağa başlayıb. Türkiyənin “Petkim” şirkətini aldıqdan sonra Azərbaycan Egey neft emalı zavodu (“Star rafinerisi”) layihəsinə 17,5 milyard dollar sərmayə yatırır;

 

- Son illər Azərbaycan həm də qaz ixrac edən ölkəyə çevrilərək Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycanın təşəbbüsü ilə Türkiyə ilə birlikdə həyata keçirilməsi nəzərdə tutulan Trans-Anadolu qaz boru kəməri layihəsi böyük həcmdə Azərbaycan qazını Avropa bazarına çatdıracaq. Həmçinin Azərbaycan Türkiyə və Gürcüstan ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu kimi Şərq ilə Qərbi birləşdirən yeni nəqliyyat layihəsini tamamlamaq üzrədir;

 

- Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sıçrayış dövrünü yaşayan Azərbaycan həm də dünya birliyinin fəal və nüfuzlu faktorlarından birinə çevrilib. Rəsmi Bakı ABŞ, Rusiya, Türkiyə, Avropa İttifaqı, İslam ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq edir. Azərbaycan 2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının üzvü seçilmiş və qlobal məsələlərin həllində, dünyada sülh və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edərək beynəlxalq münasibətlər sisteminin fəal üzvü imicini möhkəmləndirib. Elə həmin il Qoşulmama Hərəkatına daxil olmaqla Azərbaycan öz xarici siyasətinin yeni vektorlarını müəyyənləşdirib, Latın Amerikası və Afrika ölkələri ilə səmərəli əməkdaşlıq əlaqələri qurmağa başlayıb;

 

- Müasir Azərbaycan sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib. Dünya İqtisadi Forumu, Krans Montana Forumu, Cənubi Qafqaz Forumu, “Eurovision” musiqi yarışması, Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Ümumdünya Sammiti və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən Bakı şəhəri artıq dünyanın qlobal səciyyəli mərkəzlərdən biri kimi qəbul olunur;

 

- Prezident İlham Əliyev ölkədə idmanın inkişafına hərtərəfli dəstək göstərir. Azərbaycan XXX London Yay Olimpiya Oyunlarında hətta Türkiyəni qabaqlayaraq dünya ölkələri arasında 30-cu yeri tutur. Ardıcıl şəkildə əldə olunan mühüm nailiyyətlərin nəticəsidir ki, 2012-ci ildə Avropa Olimpiya Komitəsi 2015-ci il birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib;

 

- Azərbaycan prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları əsasında həllini qarşıda duran başlıca vəzifə hesab edir. Onun həyata keçirdiyi fəal hücum diplomatiyası beynəlxalq aləmdə Ermənistanın işğalçı siyasətinin ifşa olunmasını sürətləndirir. Bütün regional layihələrdən təcrid olunmuş, iqtisadiyyatı çökən, əhalisi başqa ölkələrə üz tutan Ermənistan ilə müqayisədə Azərbaycan parlayan ulduza bənzəyir.

 

Jurnal qeyd edib ki, Azərbaycan xalqı prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir və onu dəstəkləyir. Növbəti dəfə Azərbaycan prezidentliyinə namizədliyini irəli sürməyə hazırlaşan İlham Əliyevə rəqib ola biləcək şəxs yoxdur. Bu və digər səbəblər prezident İlham Əliyevi “10 ilin dövlət adamı” elan etmək üçün tam əsas yaradır.

 

Türkiyənin ən nüfuzlu media qruplarından biri olan “Ekovitrin” 14 ildir ki, iqtisadiyyat sahəsində müxtəlif proqramlar hazırlayaraq, qardaş ölkənin televiziya kanallarında nümayiş etdirir, ölkənin iqtisadi uğurlarını həm türk, həm də dünya ictimaiyyətinə çatdırır. Bu media qrupunun 2000-ci ildən buraxılan “Ekovitrin” aylıq jurnalı Türkiyənin ən sanballı nəşrlərindən birinə çevrilib. Türkiyə ilə yanaşı, Asiya regionunda da geniş yayılan “Ekovitrin” jurnalı ənənəvi olaraq iqtisadiyyat, biznes, sənaye, ixracat, maliyyə, investisiya, siyasət və yerli idarəçilik sahələrində “İlin adamları”nı seçir. 2005-ci ildə Türkiyədə və xaricdə yaşayan 9 minə yaxın oxucunun iştirakı ilə keçirilən sorğunun nəticələrinə görə Azərbaycan prezidenti İlham Əliyev “Avrasiyada ilin siyasət adamı” elan olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1238
avatar

Oxşar yazılar