Azərbaycan prezidenti İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib.
Lent.az-ın məlumatına görə, təbrikdə deyilir:
“Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Sizi ürəkdən salamlayır, hər birinizə ən xoş arzularımı çatdırıram.
Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir. Dünya azərbaycanlılarının həmrəyliyi hazırda özünü təkcə emosional hiss və duyğularda deyil, həm də daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir. Azərbaycanlılar arasında həmrəyliyin daha da möhkəmlənməsi və diaspor qurumlarının təsirli qüvvəyə çevrilməsi prosesi uğurla davam edir. Son illərdə xarici ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının təminatı, Azərbaycan haqqında obyektiv məlumatların yayılması və dövlət maraqlarının qorunması sahəsində diaspor təşkilatlarının rolu xeyli artmışdır. Dövlətimiz diaspor təşkilatlarına bu istiqamətdə indiyə qədər verdiyi dəstəyi bundan sonra da davam etdirəcək.
Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında həyata keçirdiyimiz ardıcıl islahatlar hazırda bütün sahələrdə mütərəqqi dəyişikliklərə gətirib çıxarıb, ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub. Fərəhləndirici haldır ki, bu ilin əvvəlində biz “Azərspace-1” milli peykini orbitə çıxararaq dünyanın kosmik dövlətləri sırasına qoşulduq. Bu günlərdə isə Bakıda Avropanın aparıcı neft-qaz şirkətləri ilə imzalanmış “Şahdəniz -2” enerji sazişi Azərbaycanın uzunmüddətli və dayanıqlı tərəqqisi yolunda aydın üfüqlər açır. Haqlı olaraq XXI əsrin müqaviləsi adlandırılan bu möhtəşəm layihə 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” kimi Avropanın enerji təminatı xəritəsində əsaslı dəyişiklik edəcək və dövlətimizin beynəlxalq rolunu daha da gücləndirəcək.
Azərbaycanda son on ildə sosial-iqtisadi sahədə baş vermiş güclü sıçrayış cəmiyyət həyatının bütün sahələrinə müsbət təsir göstərmiş, ictimai-siyasi proseslərin sağlam məcraya yönəlməsini şərtləndirib. Respublikamız demokratiya yolu ilə inamla addımlayır, ölkədə siyasi plüralizm, insan hüquq və azadlıqları təmin edilir, vətəndaş cəmiyyətinin inkişafına geniş şərait yaradılır. Bu il keçirilmiş prezident seçkiləri göstərdi ki, Azərbaycanda siyasi mədəniyyətin səviyyəsi yüksəkdir və davam etdirilən strateji kurs xalqın iradəsinə söykənir.
Hazırda Azərbaycan bölgədə həm də beynəlxalq iqtisadi, siyasi, humanitar tədbirlərin və idman yarışlarının keçirildiyi əsas mərkəzə çevrilib. Ölkəmiz dünyada tolerantlıq və multikulturalizm məkanı kimi tanınır. Azərbaycanın iki il ərzində BMT Təhlükəsizlik Şurasında təmsil olunması isə dövlətimizin nüfuzuna və yürütdüyü siyasətə dünya birliyinin verdiyi yüksək qiymətin əyani təzahürüdür.
Uğurlarımızla bərabər qeyd etməliyəm ki, qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin pozulmuş ərazi bütövlüyünün bərpası kimi taleyüklü vəzifə dayanır. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə nail olmaq üçün qarşı tərəflə danışıqları davam etdiririk. Hesab edirəm ki, harada yaşamalarından asılı olmayaraq dünya azərbaycanlıları da bu işə öz dəstəklərini verməlidirlər.
Bir reallığı da qeyd etməliyəm ki, müasir dünyada yaşanan qlobal proseslər müsbət meyllərlə yanaşı, ölkələrin milli inkişafına, xalqların milli-mənəvi dəyərlərinin qorunmasına bir çox problemlər də yaradır. Belə şəraitdə dünya ölkələrində yaşayan həmvətənlərimizin həmrəyliyi güclənməli, diaspor qurumlarının fəaliyyəti daha mütəşəkkil və çevik olmalıdır. Birliyimizin və həmrəyliyimizin əsasında dayanan müstəqil Azərbaycan Respublikasının qorunması və inkişaf etdirilməsi, dünya birliyində mövqelərinin möhkəmləndirilməsi hər birimizdən xüsusi səy tələb edir. Biz hamılıqla milli mənafelərimizin müdafiəsi, soydaşlarımızın hüquq və azadlıqlarının təmin olunması, dövlətimizin tərəqqisi və beynəlxalq nüfuzunun artırılması naminə azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməliyik.
Bu bayram münasibətilə bütün həmvətənlərimizi və soydaşlarımızı səmimi qəlbdən təbrik edir, hər birinə xoşbəxtlik, firavanlıq və işlərində uğurlar arzulayıram!”