Prezident İlham Əliyev oktyabrın 23-də Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasarın etimadnaməsini qəbul edib. Lent.az-ın məlumatına görə, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.
Santyaqo Luis Bento Fernandes Alkasar etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib. Səfir oktyabrın 9-da keçirilən prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə prezidenti təbrik edib. Diplomat paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin qurulmasının 20 ilinin başa çatdığını vurğulayan səfir əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Dövlət başçısı Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Siyasi sahədə əlaqələrin yaxşı səviyyədə olduğunu deyən prezident iqtisadi, kənd təsərrüfatı, biznes, turizm və digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.