Prezident İlham Əliyev Salyana səfərini başa çatdıraraq Biləsuvar rayonuna gəlib. Lent.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev yeni salınan Heydər Əliyev Parkında görülmüş işlər barədə prezidentə məlumat verib. Bildirilib ki, ümumi sahəsi 2 hektar olan parkda genişmiqyaslı yaşıllaşdırma işləri görülüb, 4 müasir fəvvarə kompleksi tikilib, işıqlandırma sistemi quraşdırılıb, Bayraq Kompleksi inşa olunub.
Dövlət başçısı Biləsuvar şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib.
Prezident əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, əlamətdar hadisə münasibətilə onları təbrik edib.
Rayon Mərkəzi Xəstəxanasının həkimi Xoşbəxt Ağayeva ölkənin bütün başqa rayonları kimi, Biləsuvarın da inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını çatdırıb. Sonra Prezident Biləsuvar şəhərinin su təchizatı sisteminin, Şirvan-Muğan qrup su kəmərinin baş planları və texniki göstəricilərini əks etdirən stendlərə baxıb.
Dövlət başçısına “Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi haqqında məlumat verilib. Qeyd olunub ki, layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
****
Prezident İlham Əliyev bu gün həmçinin, Biləsuvara səfəri çərçivəsində Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının və Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.