“Üç min il əvvəl ilk dövlətlərin yarandığı Azərbaycan ərazisində heç vaxt etnik, milli və dini zəmində qarşıdurma olmayıb”.
Lent.az-ın verdiyi məlumata görə, bunu Bakıda keçirilən “Nifrət Nitqinə “Yox” Hərəkatı” Beynəlxalq Forumunda Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov söyləyib.
Tahir Süleymanov bildirib ki, Azərbaycanda hazırda 70-ə qədər etnik qrupun, xalqın nümayəndəsi yaşayır: “Biz etnik zənginliyimiz ilə fəxr edirik. Bu gün Bakıda məscid, katolik məbədi, pravoslav kilsəsi, sinaqoq yanaşı fəaliyyət göstərir. Azərbaycan tolerantlıq sahəsində dünya üçün bir nümunədir”.
Tahir Süleymanov bir sıra dövlətlərdə fərqli mənzərənin olduğunu söyləyib: “Məsələn, 1988-ci ilə qədər Ermənistanda əhalinin 10 faizini başqa millətlər təşkil edib. 1988-ci ilin fevralından həmin ilin dekabr ayına qədərki dövrdə bu ölkədən 250 min azərbaycanlı qovulub. Nəticədə Ermənistan faktiki monoetnik, vahid dinə sitayiş edənlərin ölkəsinə çevrilib”.