Prezident: “Son 10 ildə problemlərin böyük hissəsi həllini tapıb ”
28 may 2013 01:19 (UTC +04:00)

Prezident: “Son 10 ildə problemlərin böyük hissəsi həllini tapıb ”

 “Son on ildə Azərbaycanda Heydər Əliyev siyasəti davam etdirilib. 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək bəyan etmişdim ki, əgər mənə etimad göstərilərsə, mən bu siyasətə sadiq qalacağam və bu siyasəti davam etdirəcəyəm”.

 

APA-nın xəbərinə görə, bunu bu gün Respublika Günü ilə bağlı rəsmi qəbuldakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

Prezident deyib ki, son 10 ildə problemlərin böyük hissəsi həllini tapıb.

 

Bölgədə Azərbaycanın rolunun möhkəmləndirildiyini deyən ölkə başçısı ölkəmiz tərəfindən irəli sürülmüş təşəbbüslərin regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıdığını qeyd edib: “Azərbaycanın iştirakı olmadan heç bir layihə, heç bir təşəbbüs uğurla nəticələnə bilməz”.

 

BMT Təhlükəsizlik Şurasına seçilməyi xarici siyasətin zirvəsi adlandıran ölkə baçısı  beynəlxalq birliyin mütləq əksəriyyətinin Azərbaycana inandığı, dəstəklədiyini, etimad göstərdiyini bildirib: “Artıq iki ilə yaxındır ki, Təhlükəsizlik Şurasında Azərbaycan, bəyan etdiyim kimi, beynəlxalq hüququ və ədaləti müdafiə edir”.

 

Azərbaycandakı sabitlik, ictimai-siyasi asayiş və xalqla iqtidar arasında olan birliyin ölkənin uğurlu inkişafı üçün vacib olduğunu bildirən ölkə başçısı bunlar olmadan ölkəyə bu qədər xarici sərmayənin qoyulmasının mümkünsüzlüyünü vurğulayıb: “Bu gün Azərbaycan bölgədə və dünyada bu möhkəm imkanlara malik ola bilməzdi”.

 

Ölkə başçısı sabitliyin təməlində düşünülmüş siyasətin dayandığını deyib: “Çünki əgər düşünülmüş siyasət yoxdursa və xalqla iqtidar arasında uçurum varsa, əgər icra edilən proqramlar xalqın arzularını əks etdirmirsə, sabitlik mütləq pozulacaq. Biz bölgədə gedən proseslərə diqqətlə baxırıq, izləyirik və görürük ki, qarşıdurmalar, kütləvi etiraz aksiyaları və digər xoşagəlməz hallar, vətəndaş müharibələri, qanlı toqquşmalar bu gün reallıqdır. Dünyanın müxtəlif yerlərində proseslər, onların əksəriyyəti mənfi istiqamətdə gedir. İnkişaf etmiş ölkələr indi daha çox iqtisadi və maliyyə böhranının fəsadlarının aradan qaldırılmasına çalışırlar. O qədər də inkişaf etməmiş ölkələrdəki vəziyyət, vətəndaş müharibələri, vətəndaş itaətsizliyi, qarşıdurmalar, siyasi və iqtisadi böhran, yoxsulluq və işsizlik artıq göz qabağındadır. Bax, budur inkişaf etməmiş ölkələrin bugünkü reallıqları.

Son illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə doğrudan da, böyük uğurlara imza atıb. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarıdır”.

 

İqtisadi uğurlardan danışan prezident Azərbaycanın kredit reytinqlərinin artmaqda olduğunu, ölkə iqtisadiyyatının dünyada ən rəqabətqabiliyyətli 50 iqtisadiyyat arasında 46-cı yerdə olduğunu, ölkədə sürətlə sosial proqramların icra edildiyini deyib.

 

Prezident Azərbaycan müstəqilliyə qovuşduqdan sonra, eyni zamanda, siyasi sistemin də dəyişdirilməli olduğunu deyib: “Müstəqilliyə qovuşan ölkələrin böyük əksəriyyəti sadəcə olaraq azad olurlar, müstəqil olurlar. Orada siyasi sistem dəyişmir. Əgər misal üçün, 1970-ci illərdə müstəqilliyə qovuşan ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada siyasi sistem dəyişmir, iqtisadi münasibətlər dəyişmir. Bizdə isə həm siyasi, həm iqtisadi sistem dəyişmişdi. Eyni zamanda, biz dövlət qurmalı idik”.

 

İlham Əliyev Azərbaycanın bu keçid dövrünü uğurla başa vurduğunu deyib: “Mən artıq qeyd etmişəm ki, keçid dövrü Azərbaycanda çoxdan başa çatıb, bu transformasiya bu gün ağır vəziyyətdə olan ölkələr üçün, yenə də deyirəm, çox maraqlı və cəlbedici ola bilər”.

 

Ölkənin xarici siyasətinin bundan sonra da müəyyən edilmiş xətlə aparılacağını deyən prezident Azərbaycanın bütün ölkələrlə ikitərəfli formatda qarşılıqlı surətdə faydalı və bərabərhüquqlu münasibətlərin inkişafında maraqlı olduğunu bildirib: “Bu münasibətlər artıq oturuşmuş münasibətlərdir. Azərbaycan dünya birliyi tərəfindən bərabərhüquqlu tərəfdaş kimi tanınır. Hesab edirəm ki, növbəti illərdə biz xarici siyasətdə daha da fəal olacağıq və indi xarici siyasətlə bağlı yeni istiqamətlər müəyyən edilir”.

 

Qəbul edilmiş proqramların digər vəzifələrin müəyyən edilməsi ilə bağlı dolğun məlumat verdiyini vurğulayan dövlət başçısı demokratik proseslərin inkişaf edəcəyini bildirib: “Azərbaycanda bütün azadlıqlar qorunur. Söz azadlığı, mətbuat azadlığı tam şəkildə təmin edilir. Azərbaycanda sərbəst internet fəaliyyət göstərir. Sərbəst toplaşmaq azadlığı tam şəkildə təmin edilir. Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı bundan sonra da islahatlar aparılacaq. Biz bu islahatlara hazırıq. Əslində bu islahatların təşəbbüskarı da bizik”.

 

Təhlükəsizlik tədbirlərinin bundan sonra da təmin edilməli olduğunu deyən ölkə başçısı korrupsiyaya qarşı mübarizədə də uğurlar əldə edildiyini bildirib: “Həm inzibati tədbirlər, həm də sistem xarakterli islahatlar aparılır və öz bəhrəsini verir. Hesab edirəm ki, gələcək illərdə biz bu böyük bəlanın aradan qaldırılmasında daha da böyük uğurlar əldə edəcəyik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528
avatar

Oxşar yazılar