“Hər bir vətəndaş, hər bir ailə üzvü bir məqsədə qulluq etməlidir ki, ölkə daha da güclü olsun, müstəqillik daha da möhkəm olsun, iqtisadiyyat daha da artsın və biz tezliklə işğala son qoyaq. Mən çox şadam və fəxr edirəm ki, mənim ailə üzvlərim bu işdə fəal iştirak edirlər. Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası bütün dünyada nəyə gətirib çıxardı?!”. Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Bərdədə məcburi köçkünlərlə görüşündə bildirib.
Dövlət başçısı qeyd edib ki, artıq beş ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyır. “Yəni, bu, “Xocalıya ədalət” kampaniyasının nəticəsidir. Çünki bu, bir ictimai hərəkat idi. Ondan sonra, mən açığını deməliyəm, dövlət qurumları - nazirliklər, diaspor təşkilatları da bu ictimai hərəkata qoşuldu və böyük bir hərəkat yarandı.
Müxtəlif ölkələrə məktublar, təqdimatlar göndərildi. Artıq bu proses gedir. Xocalı qırğınını soyqırımı kimi tanıyan ölkələrin sayı getdikcə artacaq. Biz düşmənə hər tərəfdən təzyiq etməliyik, iqtisadi, siyasi, hərbi, ictimai, bütün istiqamətlərdən öz siyasətimizi aparacağıq. Çünki bizim bir əsas məqsədimiz var: ərazi bütövlüyümüzün bərpası, köçkünlərin öz doğma torpaqlarına qayıtması və tarixi ədalətin bərpası”.