Prezident: “İslam ölkələrinin mövqeini yüksək qiymətləndiririk”
11 noyabr 2013 11:53 (UTC +04:00)

Prezident: “İslam ölkələrinin mövqeini yüksək qiymətləndiririk”

”İSESCO ilə Azərbaycan hökuməti arasında çox yaxşı əməkdaşlıq mövcuddur.


 

Bu təşkilatın bir çox layihələri Azərbaycanda həyata keçirilir. Bu tədbir də həmin layihələrdən biridir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İSESCO-nun fəaliyyətində yaxından iştirak etməsi bu təşkilata əhəmiyyətli dinamizm gətirib. Ölkəmizin bu təşkilatla əməkdaşlığının yüksək pilləyə çatmasına bilavasitə kömək göstərib”.

 

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov Bakıda İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (İSESCO) üzv ölkələrinin uşaq məsələləri üzrə məsul nazirlərinin “İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri” adlı IV konfransında çıxışında bildirib.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən Əli Əhmədov konfrans iştirakçılarına prezident İlham Əliyevin təbrik məktubunu ünvanlayıb.

 

Məktubda deyilir: “Ümidvaram ki, Azərbaycanın paytaxtında keçirilən bu konfrans İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatına üzv ölkələr arasında qarşılıqlı faydalı münasibətlərin dərinləşməsinə, səmərəli əməkdaşlığın güclənməsinə öz müsbət təsirini göstərəcək və islam dünyasında uşaqlar və urbanizasiya problemlərinin həllinə layiqli töhfəsini verəcək. Qloballaşma dövründə böyük sosial vüsət alan urbanizasiya hər bir ölkədə yaranmış çox saylı problemlərin həllini tələb edir. Azərbaycanda regionların inkişafı ilə əlaqədar reallaşan dövlət proqramlarında şəhərlərin infrastrukturu, ekoloji mühiti və müvafiq sosial təchizatları əhalinin bütün təbəqələrinin, o cümlədən uşaqların ehtiyaclarını nəzərə almaqla qurulur. Bu sahədə görülən işlər şübhəsiz ki, gələcəkdə də davam etdiriləcək. Uşaqların sağlamlığı, təhsili ilə bağlı hüquqlarının təmin olunması müasir dövrdə demokratik cəmiyyətin inkişafının əsas prioritetlərindəndir. Azərbaycan Respublikasında aparılan dövlət siyasəti nəticəsində uşaq hüquqlarının bütün sahələrinin, o cümlədən urbanizasiyadan irəli gələn problemlərin həlli üçün əlverişli mühit formalaşdırılmış və bu istiqamətdə konkret proqramlar, layihələr həyata keçirilir”.

 

Azərbaycan prezidentinin təbrik məktubunda daha sonra qeyd olunub ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında islam ölkələrinin tutduğu mövqe və Azərbaycanın ərazi bütövlüyünün qorunmasına dair qəbul edilən müvafiq qərarlar ölkəmizdə yüksək qiymətləndirilir: “Bu münaqişə nəticəsində doğma yurdlarından məhrum olub, qaçqın və məcburi köşkün həyatı yaşamaq məcburiyyətində qalmış bir milyon soydaşımızın əsas hüquqlarının bərpası həm də onların uşaqlarının hüquqlarının təmin olunması deməkdir. Sözsüz ki, bu sahədə birgə səylərimiz son nəticədə öz bəhrəsini verəcək. Dayanıqlı inkişafın strategiyası uşaq hüquqları və urbanizasiya məsələlərinin həlli üçün müxtəlif beynəlxalq qurumların, o cümlədən İSESCO-nun fəaliyyətinin daha da gücləndirilməsini tələb edir. Əminəm ki, konfrans bütün bu məsələlərə diqqət yetirəcək, geniş müzakirələr aparacaq və onların həllinə yönəlmiş məqsədyönlü tədbirlərin həyata keçirilməsi yolunda mühüm addımlar atacaq”.

 

Qeyd edək ki, konfransda 10 beynəlxalq təşkilat və 51 ölkədən nazir və ekspertlər iştirak edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1277
avatar

Oxşar yazılar