Prezident İlham Əliyev “Qara dəniz - Xəzər dialoqu” ölkələrinin kəşfiyyat xidmətləri rəhbərlərinin müşavirəsinin Bakıda keçirilən X iclasının iştirakçılarına müraciət edib. Lent.az-ın məlumatına görə, müraciətdə dövlət orqanları sırasında xüsusi yer tutan kəşfiyyat xidmətlərinin milli maraqların qorunmasını təmin etməklə dövlətin sabit və davamlı inkişafı üçün şərait yaratdığı vurğulanıb: “Son iyirmi ildə yeni müstəqil dövlətlərin yaranması beynəlxalq münasibətlərə öz mühüm təsirini göstərib. “Qara Dəniz - Xəzər dialoqu” ölkələrinin region yaxınlığı, qarşılaşdığı problemlərin və çağırışların oxşarlığı bizim ümumi maraqlardan çıxış etməyimizi gündəmə gətirir.
Terrorçuluq, separatizm, silah və narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya kimi cinayətlər dövlətlərin sülh şəraitində yaşamasına ciddi təhlükə yaradır. Ona görə də xalqlarımızın ümumi rifahına və inkişafına nail olmaq, təhlükəsizliyi təmin etmək məqsədi ilə sosial-iqtisadi, siyasi tədbirlərlə yanaşı, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin səmərəli şəkildə həyata keçirilməsi də zəruridir.
Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində narkotiklərin və silahların qanunsuz dövriyyəsi, habelə digər cinayətlərin vüsət alması bütövlükdə region üçün təhlükə doğurur. Bu baxımdan, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ölkələrimizin xüsusi xidmət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini şərtləndirir.
Əminəm ki, ölkələrimizin kəşfiyyat orqanları arasında əməkdaşlığın təşviqi və dərinləşdirilməsi qlobal və regional təhlükəsizliyə qarşı təhdidlərə, müasir dövrün çağırışlarına qarşı mübarizənin səmərəsini artıracaq, bu sahədə qarşılıqlı razılaşdırılmış siyasətin yürüdülməsinə imkan yaradacaq.
Sizi bir daha sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik naminə səylərimizi birləşdirməyə çağırıram”.