“Dünyada 200-dən çox ölkə var. Bütün beynəlxalq qurumların hesablamalarına, statistikaya görə, son 10 ildə iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. Bütün bunlar reallıqdır və bu reallığın arxasında düşünülmüş siyasət və xalqla iqtidar arasında olan birlik dayanır”. Lent.az-ın məlumatına görə, prezident İlham Əliyev sentyabrın 4-də Biləsuvar şəhərinə içməli suyun verilməsi mərasimində çıxışı zamanı bildirib.
Prezident vurğulayıb ki, hakimiyyətin bütün təşəbbüsləri xalq tərəfindən dəstəklənir. “Bütün təşəbbüslərimiz Azərbaycan xalqının daha da yaxşı yaşamasına yönəldilib. Bu layihələr, o cümlədən digər infrastruktur layihələri bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları rahat yaşasınlar, rifah içində yaşasınlar, bütün sosial problemlər öz həllini tapsın və bütün infrastruktur layihələri ən yüksək səviyyədə təşkil edilsin.
Hər bir şəhərdə, o cümlədən Biləsuvarda içməli su layihələri 2035-ci ilə qədər əhalinin təbii artımını nəzərə almaqla hesablanır. Bildiyimə görə, artıq suyun verilməsi başlanıb və yaxın zamanlarda bütün şəhəri əhatə edəcək. Bir sözlə, bu layihə həm əhəmiyyətlidir, həm də böyük rəmzi məna daşıyır. Çünki ancaq müstəqil Azərbaycanda belə layihələr icra edilə bilər”.
Dövlət başçısının sözlərinə görə, müstəqillik dövründə ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir: “Çünki bizim taleyimiz öz əlimizdədir və bu gün Azərbaycan xalqı gündən-günə daha da yaxşı yaşayır, Azərbaycan dövləti daha da möhkəmlənir və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bölgələri də canlandırır. Bizim vəzifəmiz insanlara xidmət etməkdir. Bu gün güclənən Azərbaycan bir daha demək istəyirəm ki, bütün görülən işlərin məntiqi nəticəsidir”.