“Strateji obyektlər dövlətin sərəncamında olmalıdır”
“Mən son illərdə yeni yarımstansiyaların açılışlarında dəfələrlə iştirak etmişəm. Hər dəfə bu yenilikləri görəndə, əlbəttə, mən də sizin qədər sevinirəm. Çünki bu gün Bakının elektrik təsərrüfatı yeniləşir, müasirləşir”. Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Bakının Nizami rayonu ərazisində istifadəyə verilən 110/35/6 kV-luq 204 nömrəli yarımstansiyanın açılışı zamanı bildirib.
Prezident vurğulayıb ki, son illər ərzində bu sahəyə qoyulan investisiyalar yarımstansiyaların tikintisində də özünü göstərməkdədir. “Siz də, mən də yaxşı xatırlayırıq ki, vaxtilə Bakı Elektrik Şəbəkəsi xarici firmaya idarəetməyə verilmişdi. Bu işin nəticəsində demək olar ki, olan-qalan təsərrüfat da tamamilə dağıdılmışdı. Bakıda saatlarla fasilələr yaranırdı, elektrik təchizatı çox aşağı səviyyədə idi və əlbəttə ki, bu, əhalinin haqlı narazılığına səbəb olurdu.
Bir neçə il bundan əvvəl mənim göstərişimlə Bakı Elektrik Şəbəkəsi dövlətə qaytarıldı. İdarəetmə artıq dövlət nəzarətinə keçdi və yeni inkişaf dövrü başlanıb”-deyə, dövlət başçısı əlavə edib.
Dövlət başçısı onu da vurğulayıb ki, son on il ərzində Azərbaycanda 2800 meqavata qədər yeni enerji gücü yaradılıb, 14 elektrik stansiyası tikilib və demək olar ki, bizim mövcud olan enerji potensialımızın 50 faizi son on ildə yaradılıb:
”Əlbəttə, belə olan halda həm Bakıda, həm bölgələrdə şəbəkələrin inkişafı xüsusi əhəmiyyət daşıyır. Bizim indi kifayət qədər enerji gücümüz, stansiyalarımız var. Bizim bir dənə də olsun elektrik stansiyamız artıq köhnə qayda ilə işləmir. Şərti yanacağın sərfiyyatı da çox aşağı səviyyədədir. Beləliklə, biz Bakıda, bax bu şəbəkənin yeniləşməsi ilə bağlı olan əsas məsələləri həll etmişik. İndi mənə məlumat verildi ki, hələ 12 yarımstansiyanın təmirinə ehtiyac var, eyni zamanda, bölgələrdə. Mən indi bölgələrdə tez-tez oluram. Bizdə elə yerlər var ki, orada şəbəkələr yaxşı vəziyyətdə deyil. Bu gün “Azərenerji”yə tapşırıq verilib ki, bölgələrdə də şəbəkəni normal səviyyəyə çatdıraq ki, heç bir fasilə olmasın. Əslində fasilə olmamalıdır. Çünki kifayət qədər enerji gücümüz var. Fasilə ondan olur ki, bəzi şəbəkələr, xətlər nasaz vəziyyətdədir. O köhnə dirəklər, ağac dirəklər hələ də var. Onlar tədricən aradan götürüləcək və Bakıda yüksəkgərginlikli xətlər yerin altına salınacaq”.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan indi bazar iqtisadiyyatı şəraitində yaşayır və iqtisadiyyatın 85 faizi özəl sektorda formalaşır: “Demək olar ki, iqtisadiyyatımızın əsas hissəsi özəl sektora məxsusdur. Ancaq strateji obyektlər mütləq dövlətin sərəncamında olmalıdır. Bu obyektlər insanlara qulluq edir. Bu obyektlərə qoyulan vəsait kommersiya xarakteri daşımır. “Barmek” olanda, bax bu şəbəkəyə yalnız gəlir mənbəyi kimi baxırdılar. Baxırdılar ki, harada daha nə oğurlasınlar. Ancaq bu obyektlərə dövlət sərmayəsinin qoyuluşu sırf sosial xarakter daşıyır.
Ona görə strateji obyektlər dövlətin sərəncamında olmalıdır. Postsovet məkanında, hesab edirəm ki, Azərbaycanın təcrübəsi özünü doğrultdu. Bizdə bütün strateji obyektlər dövlətin əlindədir. Dövlət bu obyektləri saxlamaqla inkişaf etdirir, insanlara xidmət göstərir”.