“Azərbaycanın dinamik inkişafını görürük. İndi dünyada böhran davam edir. İqtisadi böhran bir neçə il bundan əvvəl başlayıb, sonra maliyyə böhranına çevrilib. Bundan başqa, dediyiniz kimi, müxtəlif yerlərdə siyasi böhran yaşanır, müharibələr, qarşıdurmalar, vətəndaş müharibələri. Azərbaycan isə öz yolu ilə gedir. Azərbaycan dinamik şəkildə, təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində inkişaf edir”. Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Yevlax hava limanının açılışında çıxışı zamanı bildirib.
Prezident vurğulayıb ki, son illər ərzində Azərbaycan regional inkişaf proqramlarının icrası nəticəsində böyük bir yol keçib. “İnfrastruktur layihələrindən başladıq. İlk növbədə, elektrik enerjisi. Çünki bunsuz heç bir inkişaf mümkün deyil. Ondan sonra yollar, qaz, su xətləri, nəqliyyat infrastrukturu. Özəl sektora dəstək verilib. Fermerlərə 100 milyonlarla manat kreditlər verilib. İldən-ilə artan pensiyalar, maaşlar, sosial ödəmələr bu gün Azərbaycan reallıqlarını təşkil edir. Deyə bilərəm ki, dünya miqyasında iqtisadi və sosial məsələlərin həlli işində son illər ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur”.
Dövlət başçısının sözlərinə görə, bu yaxınlarda dünyanın ən mötəbər iqtisadi qurumu olan Dünya İqtisadi Forumu yeni bir hesablama dərc edib ki, orada da rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünyada 39-cu yerdədir. “Bax budur reallıq, budur bizim inkişafımız. Biz bir çox inkişaf etmiş ölkələri geridə qoyduq. Mən bir neçə il bundan əvvəl demişdim ki, biz də inkişaf etmiş ölkəyə çevrilməliyik. Biz buna nail olacağıq. Növbəti illərdə görüləcək işlər hesabına Azərbaycan daha da sürətlə inkişaf edəcək. Biz yalnız qabağa gedəcəyik, yalnız inkişaf edəcəyik. Bütün regionlar, həmçinin Yevlax daha da gözəlləşəcək. Halbuki, indi də çox gözəl şəhərdir, müasir şəhərdir. Mən də hər dəfə gələndə görürəm ki, şəhər gözəlləşib, abadlaşıb. Siz - burada yaşayan insanlar həm bunu görürsünüz, həm də ki, bunu təmin edirsiniz. Yəni bu, sizin zəhmətinizin hesabına baş verir. Gələcəkdə görüşlərimiz hələ çox olacaq”-deyə, prezident İlham Əliyev əlavə edib.