Prezident: ” Azərbaycan dünyaya müsbət təcrübə göstərir”  - YENİLƏNİB
31 oktyabr 2013 11:28 (UTC +04:00)

Prezident: ” Azərbaycan dünyaya müsbət təcrübə göstərir” - YENİLƏNİB

“İnternet dövründə media artıq ikinci hakimiyyətdir”


 

“Azərbaycan əsrlər boyu tolerantlıq məkanı olub. Bu gün Azərbaycanda bütün dinlərə və millətlərə məxsus abidələr qorunur, onların bərpası və yenidən qurulması dövlətin diqqət mərkəzindədir”. APA-nın məlumatına görə, bunu III Bakı Beynəlxalq Humanitar Forumunda çıxışında prezident İlham Əliyev deyib.

 

Prezident bildirib ki, multikulturalizmin müsbət tərəfləri təşviq edilməlidir: “Multikulturalizm Azərbaycanda həyat tərzidir. 21-ci əsrdə multikulturalizmə alternativ yoxdur. Biz ksenofobiya, islamofobiya kimi xoşagəlməz məsələlərə birmənalı yanaşa bilmərik. Biz bəzən başqa fikirlər eşidirik ki, multikulturalizmin gələcəyi yoxdur. Hesab edirəm ki, biz bu məsələdə dünyaya müsbət təcrübə göstərməliyik. Azərbaycanda bu sahədə toplanmış təcrübə müsbət təcrübədir. Humanitar forumun Bakıda keçirilməsi, hesab edirəm ki, bu müsbət təcrübənin nəticəsidir”.

 

Dövlət başçısı ölkədə aparılan iqtisadi və sosial islahatlardan danışıb. O deyib ki, 20 ildir Azərbaycan öz iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri üzərində qurub: “İqtisadiyyat 3,4 dəfə, büdcə gəlirləri 20 dəfə, maaşlar təxminən 6, pensiyalar 9 dəfə artıb, yoxsulluq 5,5%-ə enib. Bütün bunlar iqtisadi islahatların nəticəsidir. Azərbaycan hakimiyyətinin siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. Biz iqtisadi islahatların aparılmasında öz daxili imkanlarımıza güvənirik. Ona görə də xarici borcumuz ÜDM-nin 8-9%-ni təşkil edir. İstədiyimiz vaxt onu qaytara bilərik”.

 

İ. Əliyev Azərbaycanda internetin azad olduğunu, əhalinin 70%-inin internet istifadəçisi olduğunu söyləyib: “Belə olan halda azad medianın inkişafı əsas şərtdir. Bu gün insanlar informasiyanı internetlə alır. Əfsuslar olsun ki, dünya mediasında və Azərbaycan mediasında qanqaraldıcı xəbərlər ön plandadır. Azərbaycanda azad media mövcuddur. Burada mediaya heç bir təsirdən söhbət gedə bilməz. Media 4-cü hakimiyyətdir deyirlər. İnternet dövründə deyə bilərəm ki, artıq ikinci hakimiyyətdir”.

 

Dövlət başçısı qeyd edib ki, hazırda dünya siyasətində etimad böhranı yaşanır, dövlətlərin bir-birlərinə etimadı azalır: “Etimad olmadan heç bir beynəlxalq əməkdaşlıqdan söhbət gedə bilməz. Qarşılıqlı əməkdaşlıq səmimiyyət, etimad üzərində qurulmalıdır”.

 

Prezident İlham Əliyev onu da əlavə edib ki, bu gün dünyada dini zəmində münaqişələr Azərbaycanı çox narahat edir və bu, çox təhlükəli tendensiyadır. O, 2015-ci ildə Bakıda birinci Avropa Olimpiya Oyunları, ondan iki il sonra isə İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini vurğulayıb.

 

Prezidentin çıxışından sonra Rusiya prezidenti Vladimr Putinin, BMT baş katibi Pan Gi Munun, UNESCO-nun baş direktoru xanım İrina Bokovanın müraciətləri oxunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632
avatar

Oxşar yazılar