Bu gün yeni dövr başlayır - yeni onillik dövr. Bu dövrdə biz əvvəlki illərdə əldə edilmiş möhkəm təməl üzərində möhkəm Azərbaycan dövlətini gücləndirəcəyik”. APA-nın məlumatına görə, bunu Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısının sözlərinə görə, son on il ərzində Azərbaycan bütün istiqamətlər üzrə böyük uğurlara imza atıb: “Biz beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi özümüzü təsdiq etdik. Beynəlxalq ictimaiyyət bizim mövqeyimizi dəstəkləyir. Beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti öz səsini Azərbaycana verib. BMT Təhlükəsizlik Şurasına seçildikdə 155 ölkə bizə inandı, bizi dəstəklədi. Əminəm ki, öz seçimində haqlı olduğunu gözəl anlayır və bizim namizədliyimizə öz səsini verdiyinə görə peşman olmadı”.
Prezident İlham Əliyev qeyd edib ki, iqtisadi sahədə son on ildə dünya miqyasında Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb: “Bu da bizim böyük nailiyyətimizdir, aparılan siyasətin nəticəsidir. Müstəqil siyasətin nəticəsidir. Azərbaycanda şaxələndirmə ilə bağlı işlər aparılır. Enerji təhlükəsizliyi məsələləri Azərbaycanda həll olunur və burada biz liderlik mövqelərimizi daha da möhkəmləndiririk. Nəzərdə tutulmuş bütün layihələr uğurla icra edilmişdir. Çox ağır şəraitdə həm iqtisadi, həm geosiyasi vəziyyəti nəzərə alaraq bu layihələrin icra edilməsi tarixi nailiyyətdir”.
Azərbaycanda regionların inkişafı ilə bağlı qəbul edilmiş proqramların artıqlaması ilə icra edildiyini bildirən dövlət başçısı qeyd edib ki, on il ərzində bu proqramların icrası nəticəsində işsizlik demək olar ki, aradan götürülüb: “Yoxsulluq kimi bəla demək olar ki, aradan götürülüb. Əldə edilmiş bu uğurlar və daha da artan gücümüz imkan verəcək ki, biz növbəti illərdə də nəzərdə tutulan bütün məsələləri həll edək”.
“Yeni dövr başlayıb. Bu, 10 illik dövrüdür. 2023-cü ilə qədər nəzərdə tutulan bütün işlər görüləcək. Əminəm ki, o vaxta qədər Azərbaycan indikindən bir neçə dəfə güclü olacaq. Bunu deməyə əsas verən bizim 20 illik tariximizdir, ardıcıl inkişafdır, strateji baxışlarımızdır və konkret addımlarımız”, deyə prezident qeyd edib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan müstəqil dövlət kimi müstəqil siyasət aparır: “Bu gün bizim iqtisadi gücümüz müstəqilliyimizin əsasını təşkil edir. Bu günə qədər görülən işlər və indi başlanan layihələr bizim gücümüzü bir neçə dəfə artıracaq. Bu, faktdır. Yəni, bu, bizim gördüyümüz və görüləcək işlərin nəticəsində olacaq”.
Azərbaycanın bölgədə möhkəm mövqelərə malik olduğunu qeyd edən prezident İlham Əliyev vurğulayıb ki, bu mövqelər ildən-ilə ancaq və ancaq möhkəmlənəcək: “Çünki artıq bizim iştirakımız olmadan bölgədə heç bir məsələ öz həllini tapa bilməyəcək. Bir sözlə, biz ölkəmizin inkişafı ilə bağlı uzunmüddətli strategiyamızı müəyyən etmişik”.
Prezident bir daha xatırladıb ki, Azərbaycanın inkişafı ilə bağlı fundamental istiqamətlər Heydər Əliyev tərəfindən müəyyən edilib: “Ancaq təbii ki, həyat yerində durmur, dünya dəyişir, prinsiplər dəyişir, beynəlxalq vəziyyət dəyişir. Biz görürük ki, öz yerimizi möhkəmləndirmək üçün daha da güclü olmalıyıq, daha da güclü iqtisadiyyata, sənaye potensialına, orduya malik olmalıyıq. Daha da güclü beynəlxalq mövqelərimiz olmalıdır. Bizim sözümüz bütün mötəbər tribunalardan səslənir. Biz sözümüzü deyirik. Bizim sözümüz ədalətdir və həqiqətdir. Ədalət və həqiqət bizim tərəfimizdədir. Ona görə strateji xəttimizi nəzərə alaraq biz öz ardıcıl addımlarımızı atırıq və atacağıq. Əminəm ki, hər bir vətənpərvər Azərbaycan vətəndaşı bu gün cəmiyyətdə mövcud olan həmrəylik, vətənpərvərlik duyğuları ilə fəxr edir. Fəxr edir ki, Azərbaycan bu zirvələrə çata bilmişdi”.
Cəmiyyətdə səfərbərliyin, həmrəyliyin çox önəmli olduğunu qeyd edən dövlət başçısı bildirib ki, elə cəmiyyətlər var ki, onlar ideoloji məsələlər ətrafında bir-biri ilə mübahisə aparırlar: “Elə cəmiyyətlər var ki, orada bölgü coğrafi xarakter daşıyır. Azərbaycan cəmiyyəti monolitdir. Bizi bir-birimizə bağlayan əsas amil həmrəylikdir və düzgün seçilmiş hədəfdir. Hədəf isə çox aydındır. Biz müasir dövlət qururuq, azad cəmiyyət yaradırıq, demokratiyanın inkişafı əsas şərtdir, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra daha da ciddi aparılacaq. Biz ancaq və ancaq öz gücümüzə güvənirik. Bu siyasət öz səmərəsini verib. İqtisadi gücümüz artdıqca müstəqillik də möhkəmlənəcək. Müstəqillik isə bizim ən böyük sərvətimizdir, ən böyük nailiyyətimizdir. Tarixə baxsaq, Azərbaycanda müxtəlif dövrlərdə dövlətçilik ənənələri olub. Amma Azərbaycan heç vaxt bugünkü qədər güclü və müstəqil olmamışdı”.
“Bu gün - Ulu Öndərin doğum günündə bir daha yaxın tarixə nəzər salırıq. Heydər Əliyevin Azərbaycan xalqı üçün nə qədər böyük və tarixi işlər gördüyünü bir daha görürük. Ona görə Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini öz qəlbində saxlayır, yaşadır. Biz - onun davamçıları isə bundan sonra da Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq doğma Vətənimizi irəliyə aparacağıq”, deyə prezident İlham Əliyev nitqini tamamlayıb.