Dekabrın 1-də BAXCP Ali Məclisinin növbəti sessiyası keçiriləcək.
Bu barədə Lent. az-a partiyanın mətbuat xidmətindən məlumat daxil olub.
Məlumatda bildirilir ki, bu gün eyni zamanda partiyanın növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və təşkilati məsələlər müzakirə olunub.
İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ 2014-cü ilin büdcə layihəsi ilə bağlı olub. BAXCP İdarə Heyətinin üzvləri ölkə üçün strateji əhəmiyyət daşıyan bir sıra istiqamətlərə ayrılan vəsaitlərin mövcud reallıqlara uyğun gəlmədiyini vurğulayıblar. Qeyd olunub ki, 2014-cü ilin dövlət büdcəsi layihəsində müdafiə xərcləri adı altında bu sahəyə cəmi 1,6 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. BAXCP İdarə Heyəti bu vəsaitin torpaqları işğal altında olan bir ölkə üçün həddən artıq az olduğunu bəyan edib və hökuməti dövlət büdcəsində müdafiə xərclərini 20-22 faizədək artırmağa çağırıb.
BAXCP İdarə Heyəti büdcə layihəsində vətəndaş cəmiyyəti quruculuğu prosesinə verilən dəstəyin də artırılmasını mühüm sayır. BAXCP İdarə Heyəti hesab edir ki, hökumət təkcə ölkənin iqtisadi inkişafı barəsində deyil, həmçinin vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsi haqqında da düşünməli və bu prosesə dəstəyini artırmalıdır. BAXCP qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və siyasi partiyalara dövlət tərəfindən maliyyə vəsaiti ayrılmasını mühüm addım kimi qiymətləndirir və hesab edir ki, 2014-cü ilin dövlət büdcəsində sadalanan istiqamətlərə ayrılan vəsait bu sahələrdə fundamental irəliləyişə nail olmaq üçün yetərli deyil və əhəmiyyətli dərəcədə artırılmalıdır.
BAXCP İdarə Heyəti büdcədən maliyyələşən sosial qruplar arasında ən aztəminatlı olan həkimlərin və müəllimlərin əmək haqlarının artırılmasını da vacib hesab edir. BAXCP Azərbaycan hökumətini bu sahədə mövcud olan problemlərin həlli üçün güc strukturlarının tərkibindəki ixtisaslaşdırılmış akademiyalar istisna olmaqla, bütün ali və orta ixtisas təhsil müəssisələrini və səhiyyə obyektlərini özəlləşdirməyə, təhsil kreditlərinin verilməsi və icbari tibbi sığortanın tətbiqi ilə bağlı təxirəsalınmaz addımlar atmağa çağırıb.
İdarə Heyətinin toplantısında BAXCP Ali Məclisinin növbəti sessiyasının çağırılması ilə bağlı qərar qəbul edilib. Qərara əsasən, Ali Məclisin növbəti iclası dekabrın 1-də, saat 11:00-da BAXCP-nin mərkəzi mənzil qərargahında keçiriləcək.