Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın ölkəmizə yeni təyin olunmuş səfiri İkramullah Mehsudu qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov pakistanlı diplomatı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və Azərbaycan-Pakistan arasındakı yüksək səviyyəli dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluğunu bildirib.
Beynəlxalq təşkilatlar çərçivəsində göstərilən qarşılıqlı dəstəyi yüksək qiymətləndirən Elmar Məmmədyarov yeni səfirin fəaliyyətinin iki ölkə arasındakı əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
İkramullah Mehsud isə iki dost və qardaş ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdiyini və səfir kimi fəaliyyəti ərzində bu əməkdaşlığın daha da genişləndirilməsi üçün səylər göstərəcəyini söyləyib. Görüş zamanı İkramullah Mehsud etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.