Sentyabrın 6-da Bakıda Pakistanın Müdafiə Günü münasibəti ilə bu ölkənin müdafiə sənayesinin məhsullarından ibarət sərgi təşkil olunub. APA-nın məlumatına görə, sərgiyə Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Altay Mehdiyev, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov, Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli rəsmiləri, Azərbaycandakı xarici hərbi attaşelər baxış keçiriblər.
Sərgidə iştirakçılara Pakistanın GİDS şirkətinin istehsal etdiyi kimyəvi və nüvə hücumundan müdafiə (NBC) vasitəsi, bədən zirehi, təhlükəsizlik qurumları üçün müxtəlif sistemlər, mina detektor, idarə olunan bombaların və pilotsuz uçuş aparatlarının maketləri nümayiş etdirilib. GİDS şirkətinin digər məhsullarından ibarət fotolar və kataloqlar təqdim olunub.
Sərgidə həmçinin Pakistan aviasiya sənayesinin istehsalı olan JF-17 “Thunder” döyüş təyyarəsi barədə də məlumatlar verilib.