PA: İkili standartlar üzündən Qarabağ münaqişəsi həllini tapmayıb
11 noyabr 2013 11:18 (UTC +04:00)

PA: İkili standartlar üzündən Qarabağ münaqişəsi həllini tapmayıb

Elnur Aslanov: “İşğalçılıq və qeyri-konstruktiv siyasət üzündən Ermənistan Cənubi Qafqazda həyata keçirilən heç bir siyasi və iqtisadi layihədə iştirak etmir”

 

“Bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionunun iqtisadiyyatının 75%-ni təşkil edir”.

 

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bu gün Bakıda keçirilən MDB ölkələri gənc şərqşünaslarının II qurultayının açılış mərasimində deyib.

 

Azərbaycanın iştirakı olmadan regionda heç bir iqtisadi, siyasi təşəbbüslərin həyata keçirilməsinin mümkün olmadığını xatırladan PA rəsmisi bildirib ki, bu gün Azərbaycanda etnik, milli və dini zəmində heç bir problem yoxdur: “Əksinə, ölkəmizdə hər zaman tolerantlıq hökm sürüb. Bu gün Azərbaycan müxtəlif dinlərdən və xalqlardan olan insanların tolerant şəkildə yaşayıb, fəaliyyət göstərdiyi bir məkandır. Burada həm yəhudilər, həm xristianlar, həm müsəlman dinindən olan insanlar, xalqlar mehriban və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu bizim ən böyük uğurumuzdur”.

 

E. Aslanov deyib ki, Azərbaycan Cənubi Qafqazın və dünyanın iqtisadi cəhətdən lider dövlətlərindən biri kimi, dünyanın, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir: “Azərbaycan bu gün bütün aparıcı beynəlxalq və regional təşkilatların üzvüdür”.

 

Şöbə müdiri Qarabağ problemindən də danışaraq deyib ki, işğalçı Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonu 20 ildən artıqdır ki, işğal altındadır: “Qarabağ Azərbaycanın tarixi ərazisidir. Bütün dünya da, beynəlxalq təşkilatlar da Dağlıq Qarabağı Azərbaycanın tarixi ərazisi kimi tanıyır və münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlıq prinsipi çərçivəsində həllinə tərəfdar çıxırlar. Bununla bağlı müxtəlif beynəlxalq təşkilatların, o cümlədən, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi var. Çox təəssüflər olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi və hələ də davam edən ikili standartlar üzündən Qarabağ münaqişəsi həllini tapmayıb. Məhz işğalçılıq və qeyri-konstruktiv siyasət üzündən Ermənistan bu gün Cənubi Qafqazda təcrid olunmuş vəziyyətdədir. Ermənistan Cənubi Qafqazda həyata keçirilən heç bir siyasi və iqtisadi layihədə iştirak etmir. Bunun günahkarı da qeyd etdiyim kimi, Ermənistanın işğalçılıq siyasətini və qeyri-konstruktiv mövqeyini davam etdirməsidir. Azərbaycan tərəfi münaqişənin həllində konstruktiv mövqe və rasional yanaşma gözləyir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536
avatar

Oxşar yazılar