Millət vəkili Fazil Mustafa parlamentin iclasında İranda Azərbaycanlı alim Xalidə Xalidin həbsi ilə bağlı məsələyə toxunub. Lent.az-ın məlumatına görə, o bildirib ki, azərbaycanlı qadın alimin İranda həbsi tamamilə əsassızdır: “Onu guya casusluq etdiyinə görə həbs ediblər. Mən başa düşürəm, hazırda diplomatik kanallarla bu işlə məşğuldurlar. Müxtəlif partiyalar, o cümlədən bizim partiya da İranın bu hərəkətini pisləyib. Qadının ciddi əsas olmadan həbs edilməsi islam prinsiplərinə, bir islam dövlətinə yaraşmır. Ona görə də bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərimizi artırmalıyıq. Artıq İran bir neçə dəfədir ki, əsassız motivlərlə vətəndaşlarımızı həbsdə saxlayırlar. Sonra hansısa formada bunu bir bazarlıq predmetinə çevirirlər. Alim qadın hansı casusluq edə bilər?”
Milli Məclisin sədri Oqtay Əsədov isə İranda həbs edilən AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidin həbsdən azad olunması ilə bağlı İran parlamentinin sədri Əli Laricaniyə müraciət edəcəyini söyləyib. Onun sözlərinə görə, İranla Azərbaycan arasında parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir və bu qrupun üzvləri İrandakı həmkarlarına müraciət etməlidirlər: “Mən də öz növbəmdə İran parlamentinin spikerinə müraciət edəcəyəm”.