Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti iyunun 3-də Belçikaya səfər edəcək. Bu barədə APA-ya Milli Məclisdən məlumat verilib.
Nümayəndə heyətinin tərkibinə deputatlar Çingiz Əsədullayev, Asim Mollazadə, Rövşən Rzayev, Fuad Muradov, Sahibə Qafarova, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər şəxslər daxildir.
Səfər zamanı nümayəndə heyətinin üzvləri Belçika parlamentində olacaq, ölkə parlamentinin Nümayəndələr Palatasının sədri Andre Flao, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun başçısı Filip Blanşarla görüşlər keçirəcək.
Səfər çərçivəsində O. Əsədovun Avropa Parlamentinin prezidenti Martin Şults, AP Xarici əlaqələr komitəsinin sədri Elmar Brok və Azərbaycanla dostluq qrupunun üzvləri ilə bir sıra görüşləri nəzərdə tutulur.
Milli Məclis sədrinin Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompuy, Avropa Komissiyasının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşləri də planlaşdırılıb.
Səfər iyunun 6-da başa çatacaq.