Bu gün Milli Məclisin iclası keçirilir.
Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Musa Quliyev bildirib ki, Milli Qəhrəmanlara status verilməsi lazımdır.
“Azərbaycanda 211 Milli Qəhrəman var ki, onlardan 17-i sağdır və onlara xüsusi imtiyazların verilməsi elə də problem olmaz”.
Millət vəkili Qüdrət Həsənquliyev bir qrup keçmiş deputatın pensiya ala bilməmələri ilə bağlı ona müraciət etdiklərini söyləyib. O, parlament rəhbərliyindən bu məsələyə diqqət yetirməsini istəyib. Qüdrət Həsənquliyev millət vəkili Elxan Süleymanov və sənaye və energetika naziri Natiq Əliyevlə Sloveniyaya səfərlərindən də danışıb.
Misir Mərdanov azad edildikdən sonra yeni təhsil naziri təyin edilən Mikayıl Cabbarovun uğurlu fəaliyyət göstərəcəyinə inanan millət vəkili Zahid Oruc son zəngdən danışıb. O, təhsil şöbələrinin yerli icra hakimiyyətlərinə yox, Təhsil Nazirliyinə tabe olmasını vacib sayıb: “Komitəmiz tərəfindən “Elm haqqında” qanun hazırlanıb. Bu qanunun tezliklə qəbuluna ehtiyac var. Azərbaycanda 10 min alimimiz var. Fürsətdən istifadə edərək, son zəngi parlament üzərində çalınmış zəng sayıram, müəllimlərin sosial durumunun yaxşılaşdırılması istiqamətində addım atılmalıdır”.
Spiker Oqtay Əsədov isə parlamenti məktəbin son zəngi ilə qarışdırmağı yersiz sayıb və bu gün keçirilən iclasın da parlamentin son iclası olmadığını vurğulayıb. Millət vəkili Qənirə Paşayeva bildirib ki, 1998-ci ildə imzaladığı Uşaq Hüquqları Haqqında konvensiyada tək uşaqlı ailələrə dövlətin diqqəti nəzərdə tutulub: “Yaxşı olardı ki, dövlətin imkanları daxilində uşaqlarla bağlı qanunlara yenidən baxıb, tək valideynli ailələrə diqqət artırılaydı”.
İqbal Ağazadə Vəkillər Kollegiyasının ləğv olunmasını təklif edib: “Hansı vəkil iqtidarın siyasətindən kənar mövqe ifadə edir, dərhal onu Vəkillər Kollegiyasından uzaqlaşdırır, əslində işindən uzaqlaşdırırlar”.
O, qəzet satışı köşklərinin yığışdırılmasının da düzgün olmadığını vurğulayıb və qəzet almaq üçün köşk tapılmadığını söyləyib.
Oqtay Əsədov millət vəkilləri Zahid Oruc və İqbal Ağazadəni başqalarının arxasınca danışmamağa çağırıb: “Heç kim oturduğu yerdə axıra kimi qalmır. İndi Mikayıl Cabbarov yeni təyin olunub, uğurlar olsun. Misir müəllim buradan gəldi, bu, oradan getdi… Qurtarın bu məsələləri”.