ABŞ prezidenti Barak Obama Azərbaycanın dövlət başçısı İlham Əliyevə məktub göndərib. Lent.az-ın məlumatına görə, B. Obamanın məktubunda deyilir: “Bakıya ilk rəsmi səfəri münasibətilə mən ABŞ-ın ATƏT-in Minsk qrupunda yeni həmsədri təyin olunmuş səfir Ceyms Uorlikə tam dəstək verdiyimi sizə çatdırmaq istərdim. Onun bu yaxınlarda təyin olunması tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmasına yardım etmək işinə Birləşmiş Ştatların qəti və birmənalı sadiqliyinin güclü göstəricisidir”.
B. Obama səfir Uorlikin zəngin diplomatik təcrübəsinin və Azərbaycanın irəliləyişə nail olmaq arzusunun həmsədrlərin işinə və sülh prosesinə yeni təkan verəcəyinə ümid etdiyini bildirib: “Mən gələn aylar ərzində Ermənistanla birbaşa dialoq imkanlarından yararlanmağınızı və danışıqlarda hazırkı çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq üçün həmsədrlərin vaxtından və bacarığından istifadə etməyinizi dəstəkləyirəm. Artıq danışıqlarda müəyyən edilmiş kompromis çərçivəsində regionda sülhün bərqərar olunması üçün yeni səylərin göstərilməsi vaxtı yetişib”.