Bu gün Brüsseldə NATO ölkələri xarici işlər nazirlərinin iki günlük iclası başlayır.
APA-nın NATO mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, gündəmdə Əfqanıstanda vəziyyət, İSAF missiyasının nəticələri, Rusiya və Gürcüstanla tərəfdaşlıq münasibətləri, gələn il Britaniyada keçiriləcək NATO sammitinə hazırlıq məsələləri müzakirə olunacaq. Toplantıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun da iştirakı gözlənilir.
Dekabrın 4-də NATO-Rusiya Şurasının sessiyası keçiriləcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da qatılacağı sessiyada Suriya, Əfqanıstan və raket hücumundan müdafiə mövzuları müzakirə olunacaq. Elə həmin gün NATO və İSAF missiyasında iştirak edən tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə görüş keçiriləcək.
İki günlük görüş və toplantılar NATO-Gürcüstan komissiyasının yığıncağı ilə yekunlaşacaq. Yığıncaqda NATO xarici işlər nazirləri və Gürcüstanın xarici işlər naziri Maya Pancikidze gələcək islahatlar və daha dərin əməkdaşlıq planlarını müzakirə edəcəklər.