Seçki başa çatdı. Prezidentlik uğrunda on namizəd, hazırkı prezident YAP sədri İlham Əliyev, BAXCP sədri Qüdrət Həsənquliyev, Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənli, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Məmmədov və namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Oruc mübarizə aparırdı.
Bu gün prezidentliyə namizədlərin seçki qərargahlarında olduq. İlk baş çəkdiyimiz Ümid partiyası idi. Amma maraqlıdır ki, partiyanın binası qarşısında ilk rastlaşdığımız prezidentliyə başqa namizəd olan Sərdar Cəlaloğlu oldu. O, tanımadığımız bir nəfərlə söhbət edirdi. Bir az sonra Azərbaycan Demokrat Partiyasının sədri Sülhəddin Əkbər də onlara qoşuldu. İ. Ağazadənin seçki qərargahının rəhbəri Saleh Əliyev məsələyə aydınlıq gətirdi: “Hər iki partiya Qarabağ bloku çərçivəsində müttəfiq partiyalardı. Və seçki günündə təbliğat və təşviqat kompaniyası bitdiyi üçün hər iki partiya liderləri görüşüb çay içməsi normal haldı”.
Onun sözlərinə görə, partiya qərargahında mətbuat xidmətinin rəhbəri, özü və prezidentliyə namizədi İqbal Ağazadə var. Digər funksionerlər Bakı şəhəri üzrə bölünüblər, rayonlar üzrə məntəqələri gəzirlər. S. Əliyev seçkilərin ümumi gedişini qənaətbəxş hesab etmədi: “Xüsusən kənd rayonlarında seçki fəallığının aşağı olması ilə əlaqədar iqtidar nümayəndələri yüzbaşı sistemi vasitəsi ilə karusel əməliyyatına başlayıb. Demək olar ki, ənənəvi seçki pozuntuları bu il də təkrar olundu. Seçkilərin saxtalaşdırılması ilə bağlı xəbərlər daha çox Şəki, Cəlilabad, Ağcabədi, Kürdəmir, Sabirabad, Gəncədən gəlib”.
Növbəti baş çəkdiyimiz qərargah Milli Şurasının vahid namizədi Cəmil Həsənlinin seçki qərargahı olduq. Qərargahda qızğın iş gedirdi. Qərargahın həmsədri Arif Hacılını iş başında yaxaladıq.
Arif Hacılının dediyinə görə, seçki gününün əvvəlində Cəmil Həsənli tərəfindən təyin olunmuş məşvərətçi səs hüquqlu komissiya üzvlərinin bir çoxu öz funksiyalarının icrasına başlaya bilməyib. Onlar seçki komissiyaların işinə buraxılmayıb. Halbuki onların səs vermədə iştirak etməkdə digər komissiya üzvləri ilə bərabər hüquqları mövcuddur. Bir çox məntəqələrdə müşahidəçilər məntəqələrə buraxılmayıb. Bütün respublika ərazisində karusel əməliyyatı keçirilib”.
Müasir Müsavat Partiyasına da baş çəkdik. Partiya qərargahında cəmi 2 nəfər var idi. Orda seçkilərin tam demokratik getdiyini, heç bir qanun pozuntusu olmadığı söylənildi. Bunu prezidentliyə namizəd H. Hacıyevin özü də təsdiq etdi. H. Hacıyev onu da bildirdi ki, partiyasının əsas qərargahı şəhərin başqa istiqamətində yerləşir və əsas işlər də orada görülür.
Mili Məclisin üzvü, ən gənc namizəd Zahid Orucunun qərargahında da sakitlik idi. Qərargahda 3 nəfər vardı. Bizi qərargah rəhbəri Ərəstun Əlioğlu qarşıladı. “Seçki prosesi necə gedir?” sualına Ə. Əlioğlu belə cavab verdi: “Bölgələrlə müntəzəm şəkildə əlaqə saxlanılır, müşahidəçilərlə telefonla danışırıq, seçkilərin gedişi ilə maraqlanırıq. İnsanlar seçkilərdə aktiv iştirak edirlər. Bu bizim və dövlətimiz üçün önəmlidir”.
Daha sonra Sərdar Cəlaloğlunun qərargahına yollandıq. Bütün qapılar bağlı idi və partiya adından danışmağa kimsəni tapa bilmədik.
Prezident olmaq istəyən digər millət vəkili - Fərəc Quliyevin qərargahında da səssizlik idi. Namizədin səlahiyyətli nümayəndəsi Arif Abbasov seçkilərin çox gözəl, şəffaf keçdiyini bildirdi: “Narahatlığımız yoxdu. Təbliğat və təşviqat kompaniyasını seçki məcəlləsinə uyğun olaraq bu işi aparmışıq. Camaat arasında olmuşuq. Hamı bizi müsbət qarşılayıb”.
Səfərimizi Qüdrət Həsənquluyevin seçki qərargahında bitirdik. Qərargahın rəhbəri Bünyamin Qənbərli Bakı şəhərinin bütün məntəqələrini gəzdiklərini və rayonlarla şəxsən əlaqə saxladığını dedi. Onun sözlərinə görə, seçkilər normal gedib: “Müşahidəçilərimizlə əlaqə saxlamışıq. Getdiyimiz bir çox məntəqələrlə beynəlxalq müşahidəçilər də vardı. Onlarla da söhbət etmişik. Ciddi qanun pozuntusuna rast gəlməmişik. Amma nəticə, səslər sayılanda necə olacaq orasını bilmirəm”.