“ATƏT-in Minsk Qrupu həmsədrlərinin son 5 ildəki fəaliyyəti münaqişənin uzunmüddətli və ədalətli həlli üçün əsas təşkil edə bilər”.
APA-nın Kiyevə ezam olunmuş müxbirinin xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışında deyib. O, həmin prinsiplər və elementlərin birgə nəzərdən keçirilməsi ilə bağlı həmsədrlərin mövqeyini bölüşdüklərini söyləyib: “Bu elementlərin birini digərlərindən fərqləndirmək istiqamətində istənilən cəhd kompromisi qeyri-mümkün edəcək”.
2012-ci ilin yanvarından sonra ilk dəfə bu il noyabrın 19-da Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçirildiyini xatırladan nazir qeyd edib ki, son iki ildə görüşlərin keçirilməməsi Ermənistanın günahı deyil: “Vyanada prezidentlər danışıqları intensivləşdirmək qərarına gəldilər və nazirlərə müvafiq tapşırıq verdilər”.
E. Nalbandyan ümid etdiyini bildirib ki, Azərbaycan danışıqlar masasına konstruktiv yanaşma ilə qayıdacaq və bu da münaqişənin həlli üçün addımları sürətləndirməyə imkan yaradacaq. O, tərəflər arasında etimadın artırılmasına yönəlmiş tədbirlərə tərəfdar olduqlarını söyləyib və münaqişənin yalnız sülh yolu ilə həll oluna biləcəyini vurğulayıb.