[b]Müsavatda növbəti qalmaqal - YENİLƏNİB[/b]
Müsavat Partiyasında növbəti qalmaqal baş verib.
ONA-nın məlumatına görə, Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlı partiyanın başqanı Arif Hacılını ona qarşı kampaniya təşkil etməkdə ittiham edib.
Y.Sadıqlı “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Müsavat Partiyası üzvlərinin qapalı qrupunda başqan Arif Hacılının xeyir-duası ilə onu satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış gedir: “Kimlərin etdiyini soruşmayın, əksəriyyətini heç tanımazsınız”.
Y.Sadıqlı ONA-ya məsələ barədə əlavə açıqlama verməyəcəyini bildirib.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə Yadigar Sadıqlının söylədiyi fikirlərin heç bir əsası olmadığını qeyd edib: “Nə Müsavat Partiyasının başqanı Arif Hacılı, nə də digər üzvlərimiz tərəfindən belə bir addım atılıb. Hesab edirəm ki, Yadigar Sadıqlının bildirdiyi fikirlər həqiqəti əks etdirmir. Partiyada ona qarşı hər hansı bir kampaniya aparılmır”.
Partiya rəsmisi Y.Sadıqlının fikirlərinin Müsavat Partiyasının Divanında müzakirəyə çıxarılmayacağını da bildirib: “Partiyamızda demokratik prinsiplər əsas götürülür. Ona görə də hər kəs öz fikrini ifadə edə bilər. Yadigar Sadıqlının məsələsini Divana çıxarmaq fikrimiz yoxdur”.
1085