Müdafiə naziri həmsədrləri qəbul etdi
04 noyabr 2013 16:43 (UTC +04:00)

Müdafiə naziri həmsədrləri qəbul etdi

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.

 

Nazirlikdən Lent.az-a daxil olan məlumata görə, görüş zamanı qonaqlar Dağlıq Qarabağ münaqişəsi, cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını bildirməklə yanaşı, müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıblar.

 

Müdafiə naziri qonaqlara regiondakı vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz olması barədə fikirlərini bildirib.

 

Eyni zamanda, müdafiə naziri, Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasının komandirinin məlum çıxışını həmsədrlərin diqqətinə çatdıraraq, bu məsələyə rəsmi səviyyədə müvafiq reaksiyanın verilməsinin vacibliyini qeyd edib.

 

Öz növbəsində ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bu məsələnin anlaşılmazlıq nəticəsində baş verməsini istisna etməyərək, araşdırılacağına söz verib.

 

Sonda Azərbaycanın ordu quruculuğu sahəsindəki imkanlarının genişliyi və müasir tələblərə cavab verən Silahlı Qüvvələrin qurulması istiqamətində fəaliyyətləri vurğulayan müdafiə naziri Azərbaycan tərəfinin işğal altında olan torpaqların sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu, xalqımızın işğal faktı ilə barışmayacağını və ərazilərinin azad edilməsi hüququnu özündə saxladığını bildirib.

 

Görüşdə müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1158
avatar

Oxşar yazılar