Məzahir Pənahov: “Seçicinin əlində bir neçə bülletenin olması çox ciddi qanun pozuntusu və cinayətdir”
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov səsvermədə iştirak edib. APA-nın xəbərinə görə, MSK sədri 9 saylı Binəqədi ikinci seçki dairəsinin 31 saylı məntəqəsində səs verib.
Səsvermədən sonra jurnalistlərə açıqlama verən M. Pənahov deyib ki, səsvermə prosesi başlanandan indiyə qədər müxtəlif xarakterli müraciətlər daxil olsa da, ciddi pozuntu halı haqda rəsmi məlumat yoxdur: “Bütün dairələrlə daimi əlaqəmiz var. Seçki məntəqəsinin birində vətəndaş mətbuat adından istifadə etməyə çalışıb, hazırda bununla bağlı məsələni araşdırırıq. O, heç bir kütləvi informasiya vasitəsinin təmsilçisi deyil. Bir seçicinin bir neçə bülleteni götürərək qaçdığına dair də məlumat daxil olub. Bizim üçün bu, təəccüblüdür. Bu cür məsələlər yalnız təxribat xarakterli olur. Bir seçicinin birdən çox bülletenə toxunmasına icazə verilmir. Seçicinin əlində bir neçə bülletenin olması çox ciddi qanun pozuntusudur və əslində bu, cinayət xarakterlidir, ona görə bunun səbəbi bizim tərəfimizdən çox ciddi araşdırılacaq”.
M. Pənahov beynəlxalq müşahidəçilərin seçki prosesinə maraqlarının çox olduğunu da qeyd edib.