“Kimlərinsə dediyini yazmağı heç kimə qadağan edə bilmərəm. Lakin öz gördüyünü də yazmaq lazımdır”.APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib.
M.Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasını Azərbaycanda prezident seçkiləri ilə bağlı hesabatlarında yer alan məqamlara görə tənqid edib. O deyib ki, müşahidə missiyasının birinci işi öz gördüyünü yazmaq olsa da, ilkin hesabatda həqiqətə uyğun olmayan məqamlar yer alıb: “Hər gün həmin qurumun əməkdaşları tədbirlərimizə və seçki prosesinə dəvət edilib. Əlbəttə, bunun səbəbini başa düşürəm. Seçki Məcəlləsində olmayan müddəaların icra olunmasını necə tələb etmək mümkündür?”
M.Pənahov həmin missiyanın rəhbəri ilə görüşdə bu iradları onun diqqətinə çatdıracağını da deyib: “Həqiqətən bizimlə əməkdaşlıq etmək istəyirsinizsə, burada bir otaq ayırım, işləyin. Bəzi halda elə iradlar səsləndirirlər ki, bu qurumu hörmətdən salır. Vergi ödəyicilərinin pulunu niyə belə xərcləyirlər? Oxuduqca, hesabatda yazılanları təəccüblə qarşılayıram. Mən bilirəm ki, onlar hesabatı dəyişən deyillər, müəyyən tapşırıq alıblar”.
MSK sədriəlavə edib ki, Azərbaycan vətəndaşları kifayət qədər savadlı və müşahidə etmək bacarığına malik insanlardır: “Əlbəttə, çatışmazlıqlarımız da mövcuddur. Bütün bunlara baxmayaraq, beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirmək niyyətindəyik. Müşahidə aparmaq çox ağır fəaliyyətdir”.