Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
APA-nın xəbərinə görə, iclasda səsvermə prosesində aşkarlığın daha geniş təmin edilməsi məqsədilə seçki məntəqələrində veb-kameraların istifadəsi təcrübəsinin tətbiqinə dair məlumat verilib.
MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, quraşdırılan veb-kameralar bu il keçiriləcək prezident seçkilərində məntəqələrin 20 faizini, 119 seçki dairəsini əhatə edəcək. Yəni ümumilikdə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq.
Yığıncaqda ADP və Ədalət partiyaları tərəfindən vəkil edilmiş şəxslərin qeydə alınması, Ümid Partiyasından vəkil edilmiş şəxsin isə qeydiyyatının ləğvi məsələlərinə də baxılıb.
MSK daxil olmuş müraciətlərə də baxıb və müvafiq qərarlar verib. MSK üzvü Validə Kazımova bildirilib ki, Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli MSK-ya müraciət edərək İctimai Televiziyada keçirilən debatlarda prezidentliyə namizəd Hafiz Hacıyevin Milli Şura üzvlərini açıq şəkildə hədələdiyini, onların şərəf və ləyaqətlərini təhqir etdiyini nəzərə çatdırıb və tədbir görülməsini istəyib. V. Kazımova deyib ki, müraciət kifayət qədər araşdırılıb: “Hafiz Hacıyevin fikirlərində təhqir elementləri var. Amma bu, namizədliyin ləğvinə əsas yaratmır. Seçki Məcəlləsinin müvafiq maddəsinin tətbiqi burda mümkün deyil. Yaxşı olar ki, Cəmil Həsənli bu ittihamı məhkəmə instansiyasında çəkişmə predmeti etsin”.
MSK C. Həsənlinin müraciətini təmin etməyib.