Fevralın 27-də Rusiya paytaxtında ermənilər “1988-ci il Sumqayıt hadisələrinin qurbanlarının anım tədbiri” keçiriblər.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Mərkəzi Ədəbiyyatçılar Evində keçirilən tədbirə erminilərdən başqa heç kəs buraxılmayıb. Tədbir xüsusi mühafizə altında keçirilib və tədbir keçirilən zala təşkilatçıların şəxsən tanımadığı heç kəsin girişinə icazə verilməyib.
Tədbir keçirilən ərazidə APA-nın müxbirinə bildirilib ki, Fransa Milli assambleyasında baş vermiş sonuncu insidentdən sonra (Fransa Milli Assambleyasında ermənilərin Sumqayıtdakı hadisələrin ildönümü üçün keçirdikləri tədbirdə iştirak edən iki azərbaycanlı fransız deputatların iştirakı ilə ermənilər tərəfindən vəhşicəsinə döyülüblər) Moskvadakı tədbirin təşkilatçıları zala “başqa millətlərin nümayəndələrinin daxil olmaması barədə qərar qəbul edib”: “Buna görə hətta biz xüsusi təhlükəsizlik yoxlaması tətbiq etmişik”.
Mərkəzi Ədəbiyyatçılar evinin qarşısına isə tədbir başlamamışdan bir saat əvvəl xüsusi təyinatlı polis dəstələri gətirilib və ərazi nəzarətə götürülüb.
Rusiya Erməni İttifaqının saytında bir müddət əvvəl bu gün keçirilən tədbirin anonsu “”Artsax”ın müstəqillik hərəkatının 25 illiyi” adı ilə təqdim edilsə də, dünəndən tədbirin adı dəyişdirilərək, “1988-ci ildə Sumqayıt hadisələrinin qurbanlarınən xatirəsinə anım” kimi qeyd olunub.
Tədbirə Ermənistanın Rusiyadakı səfiri Oleq Esayan da qatılıb.
APA-nın Moskva müxbirinin də tədbirə qatılmasına imkan verilməyib. Təhülkəsizlik xidməti ilə birlikdə tədbir keçirilən yerdə olan Moskva meriyasının nümayəndələri agentliyin müxbirindən tədbirə qatılmamağı xahiş edib və bunu ancaq ermənilərin dəvət olunması ilə əlaqələndirib: “Onlar burda yalnız özləri olmalarını arzu edirlər”.